İdman 14:44 16.12.2022

“Araz Naxçıvan”la oyunda dava, təhqir, 20-dən çox vərəqə... - “Neftçi”nin baş məşqçisi

Birinci Divizionun 14-ci turunda baş tutan "Araz Naxçıvan” - "Neftçi-2” qarşılaşması gərginliklə yanaşı, xoşagəlməz hallarla da diqqət çəkib. Çempionluq uğrunda mübarizə aparan komandaların cari mövsümdəki ilk qarşılaşması davasız, təhqirsiz ötüşməyib.
 
"Araz Naxçıvan”ın 3:1 hesabı ilə qalib gəldiyi və ümumilikdə futbolçulara 20-dən çox vərəqənin göstərildiyi qarşılaşmada baş verənlər haqda AFFA-nın İntizam Komitəsi də sərt qərarlar çıxarıb. Xüsusən də "Neftçi-2”nin üzvlərinə və rəsmi şəxslərinə daha çox cəza tətbiq olunub. Belə ki, sarı və qırmızı vərəqələrə görə cərimələnən klublardan "Neftçi-2”nin futbolçuları Ülvi Mədətov 4, Bahadur Quliyevlə Hüseyn Babayev 1 oyunluq diskvalifikasiya edilib. Maraqlıdır ki, vərəqlərin əksəriyyəti oyundan sonra və ehtiyat oyunçular skamyasında əyləşən futbolçulara verilib. Ən sərt qərar isə Bakı təmsilçisinin baş məşqçisi Rəşad Abdullayevlə bağlı olub. Veteran futbolçu hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalandırılıb, klub isə 400 manat cərimələnib.

Ancaq Abdullayev bu cəzanı haqsız və çox ağır hesab edir. O, Qaynarinfo-ya açıqlamasında baş verənlərlə bağlı danışarkən qarşılaşmanın hakimlərini günahlandırıb:

"Turnir cədvəlinə baxsanız, görərsiniz ki, Birinci Divizionda bizim kimi intizamlı komanda, demək olar, yoxdur. Çünki şəxsən özüm və məşqçilər heyəti əsasən intizama fikir veririk. 14 tura nəzər salarsız, qırmızı vərəqəmiz olmayıb. Yalnız müəyyən oyun epizodlarında futbolçularımız sarı vərəqlər alıb ki, bu da normaldır. Amma elə vəziyyət yarandı ki… Bilirsiniz, "Araz Naxçıvan”la aramızda birinci-ikinci yer uğrunda mübarizə gedir. Hakim konkret oyunun "ipini” əlindən buraxmışdı. Sayılmayan qolumuz vardı, qapımıza yanlış penalti verildi. Videoları göndəriblər, araşdırılıb. Şəxsən heç vaxt hakimə sərt söz demərəm. Etiraz bildirməyimiz normaldır. Premyer Liqa məşqçiləri də etiraz bildirir. Amma bunun şişirdiləcəyini, komandanın belə vəziyətə salınacağını gözləmirdik. Ələləxsus da bu cür ağır cəzaları. Ümumilikdə hər iki komandaya 20-yə yaxın vərəqə göstərilib. Bu da ondan xəbər verir ki, oyun hakimin nəzarətindən çıxıb. Komandamız gənc futbolçulardan ibarətdir, əksəriyəti də millilərimizə dəvət alır. Uşaqlar çox sındılar. Biz çalışırıq ki, intizam yüksək səviyyədə olsun. İndiyə qədər belə şey olmamışdı. Amma bu oyunda elə şeylər baş verdi ki, hətta növbəti tura qədər əlimizdə futbolçu da qalmadı. Düzü, mənə də belə sərt cəza veriləcəyini gözləmirdim. Haqqımızı tələb edib, fikirlərimizi bildirəcəyik. Çünki futboldan öncə intizama fikir veririk. Bundan sonra futbol baxımından irəliləyişə nail ola bilərik. Son vaxtlar da irəliləyişimiz göz önündədir. Gənc futbolçulardır. Birinci Divizion komandalarının üzvləri bizimkilərdən daha yaşlıdır. Oyunda niyə bu qədər vərəqə göstərilməsini başa düşə bilmədik. Hakimlər Komitəsindən də hakimlərə vərəqələrə az əl atmağı tapşırılıb. Xüsusən də ehtiyat oyunçular skamyasında oturanlara sarı vərəqələri paylamaq bizə qaranlıq qaldı. Futbolçuları belə sındırmaq olmaz. 1-2 oyunluq cəza verilə bilər. Amma bu qədər ağır, sərt cəzalar gözləmirdik”.

"Belə çıxır ki, matçın baş hakimi "Neftçi-2”yə qarşı qərəzli yanaşıb” sualına Abdulayev heç vaxt hakimlərin hansısa komandaya tərəfkeşlik etdiyini, yaxud qərəzli yanaşdığını deməyəcəyini bildirib: 

"Ola bilər oyunun "ipini” əlindən buraxmışdı. Hakimdir, səhv edə bilər. Ancaq bu, bizim üçün final matçı kimi idi. Yerli komandanın qələbəsinə heç vaxt kölgə salmıram. "Araz Naxçıvan” yaxşı, liderliyə layiq komandadır. Sadəcə, hakim səhvləri məsələsi var. Səhv qərarlar həddindən çox oldu. Çalışacağıq ki, epizodlara bir də baxıb qərar versinlər”.

Mütəxəssis onları ən çox əsəbiləşdirən an haqında da danışıb: 

"Ofsayd epizodundan sonra qol vurduq, saymadılar. Ona qədər əsəblərimiz tarıma çəkilmişdi. Artıq hesabı bərabərləşdirməyə doğru gedirdik. Hesab 2:2 ola bilərdi. Həmin vaxt yan hakimə etirazımı bildirdim və buna görə mənə qırmızı vərəqə verildi. Hamımız insanıq, mən futbol oynadığım dönəmlərdə də həmişə hakimlərlə münasibətimizin normal olmasına çalışmışam. Bizim əziyyətimizi də başa düşsünlər. Həftəboyu hazırlaşırıq, oyuna gəlirik. Belə şeylərə görə həm xal itiririk, həm də oyunçularımız sınır.

5 oyunluq cəza az deyil. Bu, o anlama gəlir ki, Abdullayevin hakimə ünvanladığı sözlər ağır olub. Amma məşqçi heç də belə olmadığını deyir:

"Söyüş məsələsində heç vaxt o dərəcəyə çatmaram. Şükür Allaha, səviyyəmiz var, həm də hakimlərin əksəriyyəti gəncdir. Kimliyindən asılı olmayaraq, ağır söyüşlərə yol vermərəm. Yalnız etirazlar olub. Hakim isə nə cür yazıb, bimirəm. Sərt etirazların olması normaldır. Klub olaraq da etiraz bildirəcəyik. 6-7 ildir məşqçi kimi fəaliyyət göstərirəm. İndiyə qədər mənə qırmızı vərəqə göstərilməyib. Hər dəfə hakimlərlə söhbətimiz olub, bu normaldır. Əvvəlcə məşqçi kimi biz örnək oluruq. Uşaqlar da hamısı ailə tərbiyəsi görüb. Qırmızı vərəqənin cəzasının bu qədər ağır olacağını gözləmirdim. Kiməsə söyüb, haqsız söz işlətmək düz deyil. Hakimlər oyuna nəzarəti əldən buraxıb səhv qərarlar veribsə, haqqımızı tələb edirik. Nə hakimi təhqir edirik, nə də rəqibin qələbəsinə kölgə salırıq. Oyunda olanlar elə meydanda da qalır. Həmişə oyundan əvvəl hakimlərə deyirik ki, uşaqlar gəncdir, 19-20 yaşları var. Yaxınlaşın, söhbət edin, amma sındırmayın. Onsuz da futbolçu baxımından əziyyət çəkirik. 3-4 futbolçumuz var, onları da sındıraq? Sadəcə, xəbərdarlıq etmədən vərəqəyə əl atmağı başa düşmürəm. Əvvəlcə xəbərdarlıq etsinlər, futbolçu başa düşməsə, vərəqə göstərsinlər. Bəzi hakimlər səhv qərar çıxaranda, yaxınlaşıb bunu etiraf edirlər və başa düşürük. Amma kiminləsə küşə danışığı ilə danışmaq bizə yaraşmaz. Bəzi özlərindən yaşca kiçiklərlə pis danışırlar. Normal sözünü de, onlar da hərəsi özünə görə bir şəxsiyyətdir. Hakimlər komandanı elə qıcıqlandırdılar ki, söhbət bu dərəcəyə çatdı. Həmin tura qədər heç vaxt danışığa görə cəzalanmamışdıq. Belə olsa, şəxsən futbolçuları özüm cəzalandıraram. 

Sabiq futbolçu hakimin qərarlarından AFFA-ya apelyasiya şikayəti ünvanlayacaqlarını deyir:

"Apelyasiya şikayəti verəcəyik. Biz də istəyirik ki, fikirlərimizi bildirək. Haqsız olduğumuz yerdə heç kimə nəsə demərik. İlk dəfədir başımıza belə iş gəlir”.

Səbuhi Həsənov