Sənət 12:26 16.08.2022

Arif Babayev Qulu Əsgərovun tələbəsi olub? - Araşdırmaçının sözləri müzakirəyə səbəb oldu

Sosial şəbəkədə araşdırmaçı Vurğun Məmmədovun Xalq artisti Arif Babayevlə bağlı yazdığı fikirləri geniş müzakirəyə səbəb olub. 
 
Qaynarinfo xəbər verir ki, araşdırmaçı Arif Babayevi müəlliminə qarşı laqeyidlikdə ittiham edib.

"Bu paylaşımı etməkdə məqsədim odur ki, bu gün çox xanəndənin qibləgahı, ustadı Arif Babayev olub. Vaxtilə Mədəniyyət və İncəsənət Universitetinində Arif müəllim Qulu Əsgərovun tələbəsi olub. 2005-ci ildən indiyə qədər olan muğam müsabiqələrində, tədbirlərdə öz müəllimi haqqında bir kəlmə də danışmayıb. Mən 30 ildən çox müşahidələrimin nəticəsində görmüşəm ki, muğam təhsili alan əksər tələbələr öz ustadları haqqında ağız dolusu danışaraq, özlərinin kifayət qədər maraqlı xatirələrini bölüşüblər. Bir el məsəli var: "Ustadına kəm baxanın gözlərindən qan damar". Bilirəm ki, bu paylaşıma çoxları fikir bildirməyəcək. Əslində isə bu bir gerçəklikdir”, Vurğun Məmmədov qeyd edib.

Əməkdar müəllim Qəzənfər Abbasov Qaynarinfo-ya açıqlamasında hər kəsin fikrinə hörmətlə yanaşdığını vurğulayıb:
 

 
"Qulu Əsgərov gözəl xanəndə olub. Zamanında toylardan vaxtı olmurmuş, hər gün toylardaymış. Mərhum Əlibaba müəllim, ustadım Nəriman Əliyev də bunu dəfələrlə deyib. Çox sevilərmiş. Ona görə də dərs deməyə vaxtı yox idi. Əgər dərs desəydi, Arif müəllim də bu barədə danışardı. Adı jurnalda olub. Bəli, Arif müəllim ən çox Xan Şuşinski, Mütəllim Mütəllimov və Yaqub Məmmədovdan bəhrələnib. Qaldı ki, Vurğun qardaşıma, gözəl araşdırmaçıdır. Bəzi işlər var ki, onu Vurğun qardaşımız çox dərindən bilməz axı”.

Bahar Rüstəmli