"Səba" Açıq Səhmdar Cəmiyyətinin istehsal və satışı dayandırmağı ilə bağlı xəbərlər dərc olunub.
Bildirilir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.
Şirkətdən İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq istehsalın və satışın dayandırılması faktı təsdiqlənib.
Qeyd edilib ki, istehsal və satış avqustun 1-dən etibarən dayandırılıb və şirkətin özünə məxsus satış məntəqələri bağlanıb. Qərarın səbəbi açıqlanmayıb və hazırda şirkətin işçilərinin taleyi ilə bağlı məsələnin də sual altında olduğu vurğulanıb.
"Bəzi əməkdaşlar artıq şirkətdən ayrılıb, digərləri isə özlərinə yeni iş axtarışındadırlar", - məlumatda qeyd edilib. ASC-nin digər broyler şirkətlərindən biri tərəfindən alındığı iddia olunur. 1997-ci ildə dövlət qeydiyyatına alınan "Səba" ASC-nin nizamnamə kapitalı 4,8 milyon manata yaxındır.
Qeyd edilib ki, ölkə üzrə marketlərdə bir müddətdir "Səba"nın məhsullarına rast gəlinmir.
"Səba" ASC-dən Referans.az-a verilən rəsmi məlumatda bildirilib ki, "Səba" brendi ilə bağlı istehsal və fəaliyyət olduğu kimi davam edir. Sadəcə "Səba" Açıq Səhmdar Cəmiyyətinin törəmə cəmiyyəti olan yeni MMC yaradılıb və istehsalat və bütün proseslər hazırda həmin MMC tərəfindən həyata keçiilir.
"Əməkdaşlarımızın hamısı həmin MMC-nin tərkibində fəaliyyət göstərir", - deyə məlumatda qeyd edilib.
Şəlalə Babayeva