AZ

Bölgəyə sülhün gəlişi yubanacaq - RƏY

Fransanın niyyəti Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda yeni münaqişələrə yol açmaqdır  Paris-İrəvan arasında oktyabrda hərbi əməkdaşlığa dair imzalanmış razılaşmaya əsasən, Fransa istehsalı olan "Bastion" çoxfunksiyalı zirehli avtomobilləri Ermənistana çatdırılıb. Sazişə görə, Ermənistan Fransanın “Thales” müdafiə qrupundan üç “Ground Master 200” (GM200) radar sistemi, eləcə də digər növ hərbi texnika və sursat da alacaq. İki ölkənin müdafiə nazirləri “Mistral” qısa mənzilli hava hücumundan müdafiə raketlərinin alınması ilə bağlı da memorandum imzalayıblar. Qeyd edək ki, Ermənistan Hindistanla da hərbi sahədə əməkdaşlığı dərinləşdirir. Məhz Fransanın təşəbbüsü ilə Ermənistan və Hindistan arasında 41,5 milyon dollar dəyərində antidron sistemlərinin alınması üçün müqavilə imzalanıb. Zirehli avtomobillərin Gürcüstanın Poti limanından quru yolu ilə keçməklə Ermənistana aparıldığı iddia olunur. "Caliber.az" saytı yazıb ki, Gürcüstan hökuməti uzun müddət Fransa silahlarının Ermənistana daşınması təklifini rədd etsə də, zirehli avtomobillərin tranzitinə "yaşıl işıq" yandırıb. Ermənistanın müdafiə naziri Suren Papikyan dryib ki, mürəkkəb hərbi-siyasi vəziyyətdə Fransa və fransız xalqı onların tərəfindədir. Azərbaycan Xarici İşlər Nazirliyi Fransa tərəfindən Ermənistana hücum xarakterli “Bastion” zirehli avtomobillərinin göndərilməsini qətiyyətlə pisləyib. Nazirliyin bəyanatında qeyd olunub ki, sözügedən hərbi texnikanın ötürülməsi Azərbaycan ərazilərinin bir hissəsini 30 ilə yaxın işğal altında saxlayan, hazırda da təcavüzkar siyasətdən və ritorikadan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək: "Özünü beynəlxalq hüququn təbliğatçısı, bölgədə sülh və sabitliyin tərəfdarı kimi təqdim edən Fransanın bu addımları regionda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyur. Vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Fransanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyası və bölgədəki destrukriv fəaliyyəti fonunda Ermənistanın hərbiləşmə siyasətinə xidmət edən bu addımları Fransanın bölgədə yanlış maraqlardan çıxış etdiyini göstərir. Ermənistan və Fransa bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə son qoymalı, regionda sülh və əməkdaşlığın alternativinin olmadığını nəhayət anlamalıdırlar".
  Millət vəkili Ceyhun Məmmədov deyib ki, Fransa bölgəmizdə sülhün gəlməsinə maneçilik törədir. Deputat bildirib ki, Fransa davamlı olaraq Ermənistana həm siyasi dəstək verir, həm də silah-sursat satır:"Fransa özünü sülhə töhfə vermək niyyətində olan dövlət kimi təqdim etməyə çalışır. Vasitəçi rolunda iştiraka səy göstərir. Amma reallıq ondan ibarətdir ki, Fransa Ermənistanı silahlandırır, qarşıdurmaya sövq edir və ikili standartlardan, qərəzli yanaşmadan çıxış edir. Bölgəmizdəki qeyri-sabit vəziyyətin gərginləşməsinə çalışır. Əslində, Azərbaycan uzun müddətdir regiona sülhün gəlməsi üçün çalışır. Fransa ilə də münasibətləri qurmağa səy göstərmişik. İki ölkə arasında ticarət sahəsində sıx əməkdaşlıq var. Buna rəğmən, Paris yanlış addımlar atır və ikitərəfli münasibətlərə ciddi ziyan vurur".
  Parlament üzvü qeyd edib ki, Fransanın məsələlərə bu cür yanaşması Parisin İrəvanın yanında olduğunu, Ermənistana açıq dəstək verdiyini nümayiş etdirir: "Fransa məqsədli şəkildə bölgədə vəziyyəti gərginləşdirir, prosesləri mürəkkəbləşdirir. Bu da regionda güc balansının pozulmasına zəmin yaradır, təxribatlara təkan verir. Hesab edirəm ki, beynəlxalq təşkilatlar da bu məsələyə obyektiv qiymət verməlidirlər. Fransanın təxribatyönlü addımları pislənilməlidir. Əks halda bölgəyə sülhün gəlişi yubanacaq. Əlbəttə, Fransanın qərəzli addımları Azərbaycanın haqlı mövqeyinə təsir göstərə bilməz. Azərbaycan güclü, söz sahibi dövlətdir və müasir hərbi texnikalara, silahlara malikdir".
  Politoloq Əlisahib Hüseynov da "Sherg.az"a deyib ki, Fransanın Ermənistana zirehli maşınlar və avadanlıqlar göndərməsi kifayət qədər təxribatçı addımdır. Ekspertin fikrincə, bu addım sadəcə Ermənistanın özgüvən hissini artırmağa hesablanmayıb, məqsəd həm də Ermənistanı təpədən dırnağa qədər silahlandırmaq və Cənubi Qafqazda yeni münaqişələrə yol açmaqdır: "Paris Vaşinqtondan cəld tərpənib, Rusiyadan sürətlə uzaqlaşmaqda olan Ermənistanı qamarlamaq, onu öz forpostuna çevirmək, Ermənistandan Azərbaycan və Türkiyəyə qarşı təzyiq vasitəsi kimi, dəyənək kimi istifadə etmək üçün hərəkətə keçib. Ermənistanın hazırda demilitarizasiyaya və denasifikasiyaya ciddi şəkildə ehtiyacı olduğu halda, Paris tamamilə əks mövqedən çıxış edərək Ermənistanı Cənubi Qafqazın ən hərbiləşdirilmiş məntəqəsinə çevirməyi planlaşdırır. Fransa Prezidenti Emmanuel Makron hazırda dünyada baş verən geosiyasi çalxalanmaların yaratdığı qarışıqlıqdan istifadə edərək Gürcüstan üzərindən Ermənistana silah tədarük etməklə Cənubi Qafqazın hər iki ölkəsini öz təsir dairəsinə salmağa çalışır. Bunun üçün Avropa İttifaqından da rıçaq kimi istifadə edir. Avropa İttifaqının vasitəsilə Gürcüstanı şirnikləndirməklə və bu ölkəni Ermənistana ötürüləcək silahlar üçün tranzitə çevirməklə anti-Azərbaycan cəbhəsinə qoşmaq istəyirlər".
  Siyasi şərhçiyə görə, bunlar regionda yeni reallıqların yaranmasına gətirib çıxara biləcək kifayət qədər təhlükəli proseslərdir: "Biz Fransa və Avropa İttifaqının yaxın perspektivdə regionda destabilizasiyaya hesablanmış planlarını neytrallaşdırmaq üçün önləyici tədbirlər görməliyik. Fransanın Cənubi Qafqazda neoimperialist siyasət yürütməsinə əsla yol vermək olmaz. Azərbaycan və Türkiyə Fransaya öz yerini göstərəcək".

Seçilən
860
50
sherg.az

10Mənbələr