AZ

ABŞ-ın qrant fondları vasitəsilə təxribatçı ssenariləri

Pərvanə SULTANOVA [email protected]


ABŞ Azərbaycana qarşı təxribatçı əməllərini həyata keçirmək üçün müxtəlif vasitələrdən istifadə edir. Son günlər müşahidə etdiyimiz budur ki, Vaşinqton hədəfində olan ölkələri nəzarətdə saxlamaq məqsədilə yeni metodları işə salıb. Ümumiyyətlə, ABŞ-nin xarici siyasət strategiyasının əsasını müxtəlif alətlərdən istifadə edərək hədəfində olan ölkələrin daxilində qarşıdurmalar, xaos yaratmaq, vəziyyəti hətta vətəndaş müharibəsi həddinə çatdırmaq, sonra isə həmin dövlətlərə açıq müdaxilə etməkdir. ABŞ bütün bunları "Demokratik inkişafa dəstək vermək" adı altında yaratdığı çoxsaylı fondları, institutları vasitəsilə edir. Bütün dünyada tanınan USAID (ABŞ Beynəlxalq İnkişaf Agentliyi), NED (Demokratiyaya Dəstək Fondu), Marşall Fondu, İREX (Beynəlxalq Mübadilə və Tədqiqatlar Şurası) və digər bu cür beynəlxalq statuslu institutlar əslində ABŞ-ın əlində digər ölkələrə yönəlik ssenariləri, planları, təxribatları reallaşdırmaq üçün bir alətdir. Bu qurumlar "demokratik inkişafa dəstək vermək" adı altında "qrantlar" ayırırlar ki, həmin qrantlar da yuxarıda qeyd etdiyimiz məqsədlər üçün yönəldilir.

Həmin təşkilatların hamısı ABŞ-nin dövlət büdcəsindən maliyyələşir. Bu qurumların hədəfi qrantlar vasitəsilə vətəndaş cəmiyyətləri, QHT-lər, media üzərində öz təsir dairələrini yaratmaq, ölkələrin daxili həyatına müdaxilə, cəmiyyətlərdə narazılıq yaratmaqdır. Məsələn, NED Azərbaycanda fəaliyyət göstərməsə də, onun 2022-ci ildə gizli maliyyələşmə sxemi üzrə (üçüncü ölkələr və diplomatik missiyalar vasitəsi ilə) Azərbaycan təşkilatlarına (əsasən QHT və media) 1 100 000 ABŞ dollarından bir qədər artıq qrant ayırdığı barədə faktlar var.

Sözdə demokratiyadan, şəffaflıqdan danışan ABŞ və onun fondları gizli yollarla, qeyri-şəffaf şəkildə qrantlar ayırır. Əlbəttə ki, niyyətin sağlam olmadığı elə bundan bəlli olur.

USAİD bu məsələdə daha "öndə" gedir. Onun direktoru Samanta Pauerin fəaliyyətinə, Azərbaycana yönəlik son açıqlamalarına nəzər saldıqda, dediklərimizə heç bir şübhə yeri qalmır. Pauer 2022-ci ilin iyun ayında "Demokratiya doktrinası"nın "yenilənmiş elementləri"ni açıqlayıb və deyib ki, yenilənmiş "Demokra-tiya doktrinası" imkan yaradır ki, ABŞ "demokratiya işartıları"nın göründüyü ölkələrə diqqətini artırsın. "Demokratiyanın işartıları" deyəndə 4 mühüm əlamətin adını çəkib. Buraya "demokratik üsyanlar", "perspektivli avtokratik varislər", "bloklanmış hakimiyyətin ələ keçirilməsi" və "həlledici seçkilər" daxildir.

Strategiyadan belə nəticə çıxır ki, ABŞ USAİD vasitəsilə xarici ölkələrə nəzarəti gücləndirmək niyyətindədir. Bu proqram, əslində, ABŞ-nin yeni "məxməri inqilablar" stra-tegiyası kimi də xarakterizə oluna bilər. Deməli, qarşıdakı illərdə dünyanı yeni təla-tümlər gözləyir.

ABŞ-nin yenilənmiş "Demokratiya doktrinası" və "antikorrupsiya strategiyası"nda USAID, jurnalistlər və QHT üçün yeni imkanlar nəzərdə tutulub. Korrupsiyaya qarşı mübarizədə fəallıq göstərən "jurnalist" və "QHT" üçün "Çempionlar mükafatı" hazırlanır. Həmçinin onların ehtiyaclarını ödəmək məqsədilə yeni fond təqdim edilir. USAİD-in ko-ordinasiyası ilə qurulan "Korrupsiyaya Qarşı Mübarizə Fondu" KİV və QHT-yə, araşdırmaçı agentlərə yardım göstərir. Fondun ilkin maliyyəsi 424 milyon dollardır.

USAİD-in rəhbəri olan Samanta Pauerin qatı ermənipərəst olduğu məlumdur. O, övladının adını belə qondarma "erməni genosidi"nin şərəfinə adlandırıb. Ruben Vardanyanla yaxın dostluq münasibətində olub. Vardanyan Qarabağda həbs edilib Bakıya gətiriləndən sonra Pauer özü şəxsən Bakıya gəlib, danışıqlar aparıb. Samanta Pauerin sifariş verdiyi "Demokratiya doktrinası"nı hazırlayan işçi qrupun rəhbəri də ermənidir.

Görünən odur ki, ABŞ heç bir ölkəyə həqiqi demokratiya, azadlıqların təmin edilməsi üçün müdaxilə etmir. Birləşmiş Ştatlar üçün bu, maraqlı deyil. Əsas odur ki, özünün hansı ölkədə, regionda nə kimi maraqları varsa, onu təmin etsin.

Siyasi şərhçi Elçin Mirzəbəyli mövzu ilə bağlı bildirib ki, Samanta Pauerin adı Azərbaycanda çoxlarına tanışdır: "Həm də təkcə sözügedən şəxsin ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəhbəri olduğuna görə yox. O, ermənipərəstliyin unikal "nüsxə"lərindən biridir. Bu məsələdə erməni əsilli xanımının bəlasına keçən, erməni yalanlarının az-az ələ düşən təmsilçilərindən sayılan senator Robert Menendes belə ona qibtə edə bilər".

E.Mirzəbəyli xatırladıb ki, prezident Bayden 2021-ci il aprelin 24-də qondarma "soyqırımı" tanıdığını bəyan etdikdən, daha dəqiq desək, erməni yalanlarına əsaslanaraq "soyqırım" ifadəsini dilə gətirdikdən sonra, Samanta Pauer o qədər "xoşbəxt" və mütəəssir olub ki, sentyabrın 21-də doğulduğuna baxmayaraq, 24 apreli özünün yeni doğum günü elan edib: "Yeni "doğum günü"nü elan etdikdən bir neçə gün sonra - aprelin 29-da USAİD-in rəhbəri postuna təyinat alıb. Yeni "doğum günü"nə və "doğum günü" hədiyyəsi kimi "aldığı" USAİD rəhbəri postuna aparan "keşməkeşli", "ziqzaqvari" yolda nəzərə çarpan ən maraqlı məqamlardan biri də onun Obama administrasiyasını tərk etdikdən sonra Ruben Vardanyan, Nubar Afeyan və Vartan Qreqoryanın birgə təsis etdikləri, qondarma soyqırımı təbliğ edənlərin yallandırılması üçün nəzərdə tutulan "Avrora" mükafatının münsiflər heyətində təmsil olunmasıdır. Samanta qondarma soyqırımı təşviq edənlərə, reallıqda isə yalan və böhtanla "silahlanaraq" saxta iddialar üzərindən nifrət və qisas hissi körükləyənlərə "minnətdarlıq" etmək üçün nəzərdə tutulan "Avrora mükafatı"nı "sülh mükafatı", bu "mükafat"ı təsis edənləri, o cümlədən, Ruben Vardanyanı "qəhrəman" adlandırır. Onun ABŞ-dakı erməni millətçi təşkilatlarının internet resurslarındakı videomüraciətilə tanış olduqdan sonra, silahlı separatizmi və terrorizmi maliyyələşdirən "pulyuyan" ləqəbli Ruben Vardanyanın saxlanılaraq Bakıya gətirildikdən sonra ölkəmizə qarşı nifrətinin birə on artmasının gerçək səbəbini anlamağa başladım. Samanta xanım "qəhrəmanı"nın, təbii ki, tamamilə əsaslı olaraq, Azərbaycanın istintaq təcridxanasında saxlanılmasına "tab gətirə" bilmir. Çünki erməni yalanlarının "poverbank"ı funksiyasını yerinə yetirən Samanta xanım uzun illər boyu Rubenin "camaşırxana"sında yuyulan pullardan "enerji" alıb. Görünür, artıq "enerji"si tükənmək üzrədir. USAİD-i isə aid olduğu yerə göndərməyin zamanı çoxdan yetişib".

Siyasi şərhçi Azər Həsrət isə bildirib ki, Azərbaycan dövləti şəffaflığı təmin etmək üçün, əlbəttə ki, mümkün olan bütün addımları atıb, atır və atmağa da davam edəcək: "Çox təəssüflər olsun ki, bizə demokratiyadan, şəffaflıqdan, qanunçuluqdan danışan qərb fondları, qərb təşkilatları, hətta, qərb dövlətləri bu cür məsələlərdə Azərbaycan dövləti ilə həmrəy deyillər. Yəni bir şeyi danışıb başqa şey edirlər. Ona görə də, dövlət mümkün qədər çalışır ki, qərbdən gələn qrantların şəffaflığını təmin etsin. Amma təəssüflər olsun ki, o qrantlar hesabına Azərbaycanda, guya, insan haqları, demokratiya uğrunda mübarizə apardığını iddia edən şəxslər faktiki olaraq özləri qanunları pozur və gizli şəkildə maliyyə əldə edirlər. Həmçinin, o maliyyənin necə xərclənməsi ilə bağlı hər hansı hesabat və cəmiyyətə açıqlamalar vermirlər".

O deyib ki, qanunsuz fəaliyyət olunca da, əlbəttə ki, dövlət hərəkətə keçməlidir, keçir və o şəxslərə qarşı tədbir görür: "Tədbir də görəndə, yenə də, o qərb institutları ölkədə, guya, ifadə, fəaliyyət və vətəndaş cəmiyyəti azadlığının pozulduğunu iddia edir. Bax, belə bir durum var. Əlbəttə ki, o pullar necə xərclənir, biz bunu illər öncə də demişik. Bu gün də eyni sxem işləyir. Yəni adamların şəxsi hesablarına maliyyə göndərilir, onların adına bank kartı açılır. Həmin bank kartları Azərbaycandan kənardakı bankların kartlarıdır. Yəni Azərbaycan dövlətinin nəzarətindən kənar tuta bilmək üçün bunu edirlər. Və çox zaman da bu kartlar, ümumiyyətlə, adsızdır. Yaxud da ki, mümkün olduqca nağd şəkildə pulu başqa ölkədə, hətta, Azərbaycanın daxilində ötürürlər. Bütün bunlar da qanunsuz fəaliyyətdir. Ona görə də, dövlət onlara qarşı tədbir görməyə məcburdur. Biz həmişə demişik ki, istər qərbdən, istər ölkə içindən qrant alan qurumlar, şəxslər bununla bağlı açıq hesabatlar verməli, şəffaf olmalıdırlar. Amma göründüyü kimi, o sözdə demokratiya aşiqləri o qrantları alır, xərcləyir, hər hansı hesabat vermir, şəffaflıqdan da söz gedə bilməz. Bax, belə bir sxem işləyir. Ona görə də, bu, dövlət üçün çox ciddi təhlükədir. Yəni şəffaflıqdan yayınanların fəaliyyətləri də təbiidir ki, dövlətin və xalqın faydasına yönəlik deyil. Əlbəttə ki, belə olanda dövlət onlara qarşı tədbir görməyə məcburdur".

 

               























Bizi Facebookda izləyin

Seçilən
922
50
525.az

10Mənbələr