Təyyarə qəzasından sonra Rusiya ilə bağlı bir gerçək ortaya çıxdı. Artıq hər kəsə bəllidir ki, Azərbaycan Rusiya da daxil olmaqla heç bir dövlətdən çəkinmir. Deyilənlərin əksinə olaraq bizim Rusiyadan qorxacaq bir yerimiz yoxdur.
Prezident İlham Əliyevin qətiyyətli mövqeyi bu məsələni yenidən gündəmə gətirib: Azərbaycan onun qırmızı xəttini tapdamağa çalışan heç bir dövlətə güzəştə getmir. Bəzi iddialar var, deyilir ki, Rusiya Bakının bu ötkəm və qürurlu rəftarına mütləq cavab verəcək. Moskva Azərbaycana nə edə bilər?
Globalinfo.az-a danışan Heydər Oğuz deyib ki, Azərbaycan var olduğu gündən bəri bütün qonşuları ilə dinc, yanaşı və sülh şəraitində yaşamağa üstünlük verib. Bu həssasiyyətini indi də qoruyur.
O, Rusiya-Azərbaycan münasibətindən danışıb:
“Sözsüz ki, Rusiya da bizim ən böyük qonşularımızdan biridir və biz onunla iqtisadi-siyasi əməkdaşlıqda maraqlıyıq. Bunun üçün də bir-birimizin milli heysiyyatına, maraqlarına, ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmalıyıq. Azərbaycan bacardığı qədər bütün qonşuları ilə münasibətdə bu incə cizgini tapdalamamağa çalışır. Təbii ki, qonşularından da eyni rəftarı gözləyir. Bu baxımdan, Azərbaycan prezidenti haqlı olaraq öz rus həmkarından bəzi addımlar gözləyirdi. Bu addımlardan biri Putin səviyyəsində üzrxahlıqdır. İkinci məqam günahın etirafıdır. Təxribata bənzəyən hadisənin törədicilərinin ədalət məhkəməsi qarşısında cavab verməsi və həlak olanların, yaralananların ailələrinə təzminatın ödənilməsidir. Rusiya hələ ki, bu gözləntilərimizdən birini və ən əsasını yerinə yetirib: Vladimir Putin zəng edərək İlham Əliyevdən üzr istəyib. Bununla belə, digər tələblərimiz qalır. Ümid edirəm ki, ciddi dövlət olan Rusiya Azərbaycan qarşısındakı digər mükəlləfiyyətlərini də həyata keçirəcək. Xüsusilə də təyyarəmizi vuranların və onlarla vətəndaşımızın ölümünə yol açanların layiqli şəkildə cəzalandırılmasını”.

Heydər Oğuz
Heydər Oğuza görə, İlham Əliyevin bu tələbləri beynəlxalq hüquq normalarına tamamilə uyğundur və onları yerinə yetirmək Rusiyanın özü üçün də vacibdir:
“Bilirsiniz ki, Rusiya dünya ictimaiyyəti qarşısında qanuntanımaz, zorbalıq, tərəf müqabilinin heysiyyatlarına önəm verməyən bir imiclə tanınıb. Məhz bu səbəbdən də beynəlxalq sanksiyalara məruz qalmaqdadır. Rusiya artıq öz imicini dəyişməli, beynəlxalq qanunlara hörmətlə yanaşan tərəf kimi özünü göstərməli, nadir dostlarından birini də itirməməyə çalışmalıdır. Sözsüz ki, üzərindən bu qədər mənfi imici ata bilməməsi onun özü üçün pis nəticələnə və tamamilə təcrid olunmuş vəziyyətə düşə bilər. Nəticədə təkcə Azərbaycanla yox, bütün türk dünyası ilə də münasibətlərinə xələl gələr, iqtisadi tənəzzülü sürətlənər və hətta bəlkə də sələfi SSRİ kimi dağılar, tarixin tozlu arxivinə yollanar”.