Politoloq hesab edir ki, Paşinyanın qeyd etdiyi iki il ərzində sülh müqaviləsinin yubanması Avropa İttifaqının Ermənistan ərazisində olan müddətinin uzadılması ilə birbaşa əlaqəlidir: “Çünki 17 maddəlik sülh müqaviləsinin 15 maddəsi razılaşdırılıb. Açıq qalan iki maddədən biri məhz Azərbaycan və Ermənistan sərhədində üçüncü dövlətlərə aid qüvvələrin geri çəkilməsini ehtiva edir. Bu da birbaşa olaraq Avropa İttifaqının mülki missiyası ilə bağlıdır. Bu missiya qeyri-qanuni fəaliyyət göstərir. Amma bu missiyanın müddətinin iki il uzadılması da onu deməyə əsas verir ki, bölgədəki problemlərin qalıcılığı ilə yanaşı, bu missiyanın özünün mövcudluğu həm də sülh müqaviləsinin iki il ərzində imzalanmasını məhdudlaşdırır. Hesab edirəm ki, Paşinyan bu fikirləri söyləyəndə məhz Avropa İttifaqının mülki missiyasını nəzərdən keçirib. Amma digər tərəfdən ATƏT-in Minsk qrupunun buraxılması və eləcə də Ermənistan Konstitusiyasının dəyişdirilməsi kimi məsələləri də Ermənistan sürətləndirməlidir”. İ.Hüseynov əlavə edib ki, Paşinyan ABŞ siyasi elitasının prioritetləri arasında Cənubi Qafqazdakı sülh məsələsinin öndə dayanmasına çalışır: “Amma burada da erməni maraqlarının təmsilçiliyi, erməni mərkəzli siyasətin yürüdülməsi tamamilə yolverilməzdir. Balanslı prioritet əsasında reallıqların qəbul edilməsi ilə yeni geosiyasi mühit kontekstində bütün məsələlər öz həllini tapmalıdır”. Sevinc İbrahimzadə / Metbuat.az