K.Əsədovun sözlərinə görə, qiyabi doktorantlar üçün isə belə bir məhdudiyyət yoxdur: “Onlar istehsalatdan ayrılmadan təhsil aldıqları üçün tam ştatlı işdə çalışa bilərlər. Qiyabi doktorantura proqramları əsasən işləyən şəxslər üçün nəzərdə tutulduğundan onların əmək fəaliyyətini davam etdirməsi normal hal kimi qəbul edilir. Buna görə də qiyabi doktorantlar həm dövlət, həm də özəl sektorda işləyə bilərlər. Dünya təcrübəsində doktorantların əmək bazarına inteqrasiyası fərqli modellərlə tənzimlənir. Bir çox Avropa və Amerika universitetlərində doktorantlar eyni zamanda universitetlərdə müəllim köməkçisi, tədqiqatçı və ya laborant kimi fəaliyyət göstərirlər. Bu, onların akademik mühitdə təcrübə qazanmalarına və maddi dəstək əldə etmələrinə imkan yaradır. Bəzi ölkələrdə isə doktorantlar tam ştatlı işlərdə çalışa bilərlər, lakin bu halda onların tədqiqat işlərini effektiv şəkildə davam etdirmələri üçün müəyyən balans qurulmalıdır”. Təhsil eksperti doktorantların işə qəbulu məsələsində hüquqi məhdudiyyətlərdən çox, təşkilati və idarəetmə faktorlarının önəmli rol oynadığını vurğulayıb: “Əyani doktorantların tam ştatlı işləməsi bəzi universitetlərdə və elmi qurumlarda əlavə icazələr və prosedurlarla tənzimlənə bilər. Bu da bəzi hallarda işəgötürənlərin onları işə qəbul etməkdən çəkinməsinə səbəb ola bilər. Lakin hüquqi baxımdan doktorantların işə qəbul olunmasına maneə yoxdur və onların elmi fəaliyyətləri ilə yanaşı, əmək bazarında da iştirak etmələri mümkündür. Nəticə etibarilə, doktorantların işə qəbul olunması ilə bağlı qanuni məhdudiyyət olmasa da, əyani təhsil alanların tam ştatlı işlə təmin olunması bəzi praktiki çətinliklərə səbəb ola bilər. Qiyabi təhsil alanlar üçün isə bu cür məhdudiyyətlər yoxdur və onlar tam iş rejimində fəaliyyət göstərə bilərlər. Azərbaycanın elmi və akademik kadr bazasının gücləndirilməsi üçün doktorantların iş imkanlarının artırılması və onların elmi fəaliyyətlə əmək bazarı arasında balans yaratmasına şərait yaradılması vacibdir. Bu sahədə beynəlxalq təcrübənin tətbiqi doktorantların həm elmi, həm də iqtisadi baxımdan daha səmərəli fəaliyyət göstərməsinə kömək edə bilər”. Sevinc İbrahimzadə / Metbuat.az