Xormeyster, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Muradzadə Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin olunub.
Publika.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Leyla Muradzadə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. 2008-ci ildə adı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə gənc istedadların “Qızıl kitabı”na daxil edilib.
O, Bakı Musiqi Akademiyasında xor dirijorluğu üzrə bakalavr və magistratura pillələrini fərqlənmə diplomları ilə bitirib. 2023-cü ildə “Azərbaycan a kapella xor musiqisində muğamın təcəssümü (1990-cı illərə qədər)” mövzusunda sənətşünaslıq üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib.