AZ

“DOST Evi” filialına yeni benefisiarlar qəbul olunub

Bakı, 27 may, AZƏRTAC

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı rayonundakı “DOST Evi” filialında növbəti benefisiar qəbulu keçirilib. Mərkəzin Qiymətləndirmə Komissiyası tərəfindən İsmayıllı və Şamaxı rayonlarından müraciət edən həssas əhali qruplarına aid 20-yə yaxın vətəndaşın yaradıcı potensialı qiymətləndirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 16 nəfər filialda müxtəlif fəaliyyət istiqamətləri üzrə təlim proqramlarına cəlb olunub. Həmin şəxslər dulusçuluq, xalçaçılıq, toxuma və tikmə, un məmulatları və qənnadı, bədii oyma və dərzilik istiqamətləri üzrə bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər.

Hazırda 33 benefisiarı olan “DOST Evi”ndə ümumilikdə 10 müxtəlif fəaliyyət istiqaməti üzrə məşğələlər aparılır.

2023-cü ilin noyabr ayında açılan müəssisənin xidmətlərindən 5 həssas kateqoriyaya aid şəxslər - əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və onların övladları, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar və aztəminatlı ailələrin üzvləri yararlanırlar.

Həmin kateqoriyalara daxil olan 6 yaşdan yuxarı istedadlı şəxslər DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və onun İsmayıllıda, Bərdədə yerləşən “DOST Evi” filiallarının xidmətlərindən yararlanmaq üçün DOST mərkəzlərinə və Sosial Xidmətlər Agentliyinin yerli nümayəndəliklərinə müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Əlavə məlumat almaq üçün Mərkəzin rəsmi sosial media hesablarına və 142 Çağrı Mərkəzinə müraciət etmək olar.

Seçilən
4
2
azertag.az

10Mənbələr