Azərbaycan qanunvericiliyinə əsasən sürücü qanda qalan qalıq faizinə görə də sərxoş hesab olunaraq cərimələnir. Baxmayaraq ki, spirtli içkinin qəbulundan saatlar, hətta bəzən bir gün keçir.
Vətəndaşlar bu nüansdan narazıdırlar.
Bu məsələ ilə bağlı qanuna dəyişiklik edilməsinə ehtiyac varmı? Qanda qalıqla sərxoşluq arasında fərq qoyulmalıdırmı?
Milli Məclisin deputatı Fazil Mustafa “Referans”-a açıqlamasında bu sualları cavablandırıb.

“Açığı bununla bağlı statistik məlumatlara, bu cür cəzalandırılan şəxslərin nə qədər olmasına nəzər salmaq da lazımdır. Hər bir cəza əmələ görə müəyyən dərəcədə adekvat olmalıdır. Buna görə də, güman eləmirəm ki, bu formada cəzalar tətbiq olunsun. Amma şəxsin hansısa cinayət və yaxud inzibati pozma əməli varsa və bu, keçmişə dönük əməldirsə, o zaman bu cəzalandırma optimal sayıla bilər. Amma sadəcə ilk dəfə qanda qalan hansısa sərxoşluq elementləri varsa, o zaman bu məsələyə tamam fərqli yanaşılmalıdır. Hər halda bu cür məsələlər qanunvericiliyə təklif kimi olsa, o zaman yenidən müzakirtə oluna bilər”.
Nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov isə qeyd edib ki, bu qərarın olduqca düzgün qərar olduğunu düşünür.

“Bu məsələyə sərxoşluğun dərəcəsini müəyyən etmək aspektindən yanaşılır. Qanun deyir ki, əgər qanın tərkibində 0,3 promilli spirtli içki aşkar olunmadığı halda, burada təqsirkarlıqdan söhbət gedə bilməz. Burada çox fərqi aspektlər var. Cərimələnmədə məqsəd odur ki, nəqliyyat vasitəsini idarə edərkən idarəetmədə nasazlıq yaşanmasın. Buna görə də standartlarda müəyyən edilmiş 0,3 promillinin üzərində dururlar. Lakin burada müəyyən nüanslar var. Hətta müəyyən mədə-bağırsaq xəstəlikləri, şəkər xəstəliyi mövcud olan şəxslərdə bir neçə gün sonra da qanda qalıq olaraq alkoqol aşkar oluna bilər”.
Fidan Vəlisoy