AZ

Paşinyanın taleyi Azərbaycanla sülh müqaviləsindən asılı vəziyyətə düşür...


Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Konstitusiya Məhkəməsi Azərbaycanla sülh sazişini təsdiqləməsə, şəxsən ölkənin əsas qanununa dəyişikliklərin edilməsi təşəbbüsü ilə çıxış edəcək.

O, “Yerevan Dialogue” beynəlxalq forumu çərçivəsində bildirib ki, sülh sazişi Konstitusiya Məhkəməsinə göndərilməlidir: “Biz sazişi Konstitusiya Məhkəməsinə göndərməliyik. Burada seçim yoxdur. Əgər Konstitusiya Məhkəməsi sazişin Ermənistanın qanunlarına uyğun olmadığına qərar versə, mənim şəxsi mövqeyim bundan ibarətdir ki, konstitusiyaya dəyişikliklər edilməsi təşəbbüsü ilə çıxış edəcəyəm, çünki hesab edirəm ki, sülh sazişi bağlamaq imkanını əldən vermək olmaz”.

O, həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycan arasında yeni müharibə olmayacaq: “Ermənistan və Azərbaycan arasında sülh çox yaxındır. Əlbəttə, biz öz öhdəliyimizi tam şəkildə yerinə yetirəcəyik. Bu tarixi fürsəti qaçırmamaq üçün Azərbaycanla məsləhətləşmələri davam etdiririk. Bu imkan əldən verilməyəcək. Çətinliklər olsa da, irəliləyirik”. Ermənistan rəhbəri Minsk qrupunun rəsmi olaraq ləğvi barədə müraciəti sülh müqaviləsi ilə eyni zamanda imzalamağa hazır olduğunu da bəyan edib. Bununla yanaşı, Paşinyanın açıqlamalarında ziddiyyətli məqamlar da olub. Azərbaycan Xarici İşlər Nazirliyi artıq buna münasibət bildirib. XİN-in mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Ermənistan baş nazirinin təkrarladığı mövqe, Ermənistanın ərazi iddialarını aradan qaldırmaq üçün Konstitusiyasında dəyişiklik etməyə və sülh prosesindəki mövcud problemlərin həllinə hazır olmadığını nümayiş etdirməklə yanaşı, Ermənistanın sülhə sadiqliyi ilə bağlı suallar doğurur. Onun sözlərinə görə, Minsk qrupunun rəsmi olaraq ləğvi barədə çağırışları heçə sayaraq, Paşinyanın bunu sülh müqaviləsi ilə əlaqələndirməsi, Ermənistanın regionun reallıqlarına artıq uyğun olmayan bu köhnəlmiş mexanizmi nə üçün bütün üsullarla saxlamağa çalışdığı ilə bağlı suallar yaradır. Kommunikasiya marşrutlarının açılması məsələsinə gəldikdə, XİN nümayəndəsi əlavə edib ki, Azərbaycanın maneəsiz tranzit barədə mövqeyi regional əməkdaşlıq və iqtisadi inteqrasiya ilə uyğundur və heç bir şəkildə Ermənistanın suverenliyinə hörmətsizlik kimi qiymətləndirilə bilməz: “Ermənistanın müqaviməti və mürəkkəb tranzit marşrutları təklif etməsi irəliləyişi ləngidir və regional əməkdaşlığın əhəmiyyəti haqqında bəyanatlara ziddir. Davamlı sülhə nail olmaq üçün, Ermənistan öz Konstitusiyasında ərazi iddialarını aradan qaldırmaqla müvafiq dəyişiklik etməli və Minsk Qrupunun heç bir şərt olmadan buraxılmasını dəstəkləməlidir. Azərbaycanın şərtləri maneələr deyil, regional sülh və sabitliyi təmin etmək üçün legitim addımlardır”.

Rusiyalı politoloq Yevgeni Mixaylov isə bildirir ki, Paşinyanın taleyi sülh müqaviləsindən əhəmiyyətli dərəcədə asılıdır: “Paşinyan hesab edir ki, sülh sazişinin imzalanmasında istənilən gecikmə İrəvan üçün riskdir. Anlayır ki, müqavilənin imzalanması onun üçün şəxsi təhlükə, hakimiyyətdə qalması, ölkədə sabitliyin pozulması riski daşıyır. Bu iki məqam arasında qalan Paşinyan Bakı ilə sülh sazişinin imzalanmasını gecikdirmək və Ermənistan Konstitusiyasının dəyişdirilməsi strategiyasını saxlamağın daha yaxşı olduğunu başa düşür. Paşinyanın “Ermənistanın Konstitusiya Məhkəməsi sülh müqaviləsini təsdiq etməsə, şəxsən konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum təşəbbüsü ilə çıxış edəcəyi” barədə bəyanatları nədənsə inandırıcı görünmür və ümumiyyətlə, heç nə demək deyil. Təbii ki, Azərbaycanı bu ardıcıllıqlar qane etmir. Bakı sülh sazişi imzalanana qədər Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların Ermənistan Konstitusiyasından çıxarılmasını tələb edir. Azərbaycanın mövqeyi tamamilə ədalətlidir. Bakı risk etmək istəmir”. Mixaylov 2026-cı ildə Ermənistanda parlament seçkisinin keçiriləcəyini də xatırladıb: “Artıq media da yazır ki, Ermənistan müxalifəti növbəti dəfə Paşinyanın bu seçkidə qalib gəlməsinin qarşısını almağa çalışacaq. Ermənistanın baş naziri bu amili nəzərə alır. Bununla bağlı o da etiraz dalğasından və kvorumun olmamasından ehtiyat etdiyi üçün indi konstitusiya ilə bağlı referendum keçirmək istəmir. Paşinyana Qərb tərəfdaşları kömək etsə, o, seçkidə qalib gələ bilər. Amma Ermənistan başa düşməlidir ki, Azərbaycanla sülh əldə olunmasa, İrəvan Paşinyanın seçkidə qələbəsindən sonra Azərbaycanın sülh sazişinin imzalanması ilə bağlı irəli sürdüyü tələbləri yerinə yetirmək üçün konkret addımlar atmasa, Bakının İrəvanı sülhə məcbur etməsi daha ağır formalar ala bilər. Eyni zamanda, Ermənistan indi Rusiya ilə tamamilə düşmənçiliyə tab gətirə bilməz, Aİİ Ermənistan iqtisadiyyatı üçün güclü qida 0mənbəyidir. İrəvanın Aİ-yə yönəlik istənilən ciddi addımı isə Ermənistanı böyük məbləğdə pul və mənfəət itkisi ilə təhdid edir. İrəvan üçün vəziyyət asan deyil, lakin Ermənistan hakimiyyəti özü bu yolu seçib. Ermənistan Qərbi seçib Rusiyadan ayrılsa, çətin ki, bu, respublika üçün yaxşı bitsin”. Əslində, Paşinyan hökumətinin indi tam olaraq sülh tərəfdarı olduğunu demək düzgün olmaz. Xüsusilə, ATƏT-in Minsk Qrupunun ləğv edilməməsi, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer alması, sülh prosesini çətinləşdirən əsas amillərdəndir. Bundan əlavə, xarici qüvvələrin Ermənistana göstərdiyi siyasi dəstək və təzyiqlər də sülh prosesinə mənfi təsir göstərir.

Nahid SALAYEV

Seçilən
62
8
baki-xeber.com

4Mənbələr