AZ

Şəhidlərimizin göstərdiyi qəhrəmanlıq bizə nümunədir


Azərbaycan xalqı tarix boyu azadlıq və müstəqillik uğrunda böyük mübarizələr aparmışdır. Bu mübarizənin ömrünə iz salan isə adları qəlbimizdə, ruhları göylərdə olan Şəhidlərimizdir. Hər şəhidin bir hekayəsi, bir arzusu, bir ailəsi var idi. Onlar da bizim kimi sevir, gülür, xəyal qururdular. Amma vətən çağıranda öz həyatlarından keçərək şəhid oldular. Ən ali zirvəyə yüksəldilər – əbədiyyətə. Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı və xalqımızın azad, müstəqil yaşaması uğrunda canından keçən şəhidlərimiz, tariximizin ən parlaq səhifələrini yazan əsl qəhrəmanlardır.

Müharibə zamanı yüzlərlə oğul torpaq uğrunda döyüş meydanına atıldı. Bəziləri qazi kimi geri döndü, bəziləri isə torpaqla əbədi birləşdi. Amma onların heç biri ölmədi – çünki Vətən uğrunda can verənlər ölməzlər.

Şəhidlərimizin keçdiyi yol fədakarlıq, cəsarət və vətənpərvərlik nümunəsidir. Onlar ən ağır məqamlarda belə geri çəkilmədi, qorxmadı, əyilmədi. Çünki onların ürəyində bir amal var idi: torpaqlarımızı qorumaq, düşmən işğalından azad etmək, millətimizi yaşatmaq. Hər bir şəhid öz qanı ilə azadlığımızın təməlini möhkəmləndirdi, bizə bu gün rahat nəfəs alma, başımızı dik tutma haqqı verdilər. Azərbaycan xalqı üçün şəhidlik sadəcə bir ad deyil, bu, ən uca dəyər, müqəddəs bir zirvədir. Hər dəfə bayrağımıza baxanda, himnimiz səslənəndə qürur hissi ilə yanaşı, qəlbimizdə bir kədər də baş qaldırır – çünki bu torpaq, bu azadlıq və bu müqəddəs simvollar uğrunda canından keçən şəhidlərimizi xatırlayırıq.

Eyni zamanda daim onların bizə əmanət etdikləri ailələrinin yanında olmağa çalışırıq. Bu yolda Azərbaycan Respublikası Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Cəbrayıl Rayon Şöbəsi hər zaman ön sıradadır. Sədrimiz Səməd Atakişiyevin rəhbərliyi ilə atdığımız addımlar təkcə xatirə ziyarəti deyil həm də şəhidlərimizin ruhuna vəfa və minnətdarlıq nümunəsidir. Şəhid ailələrinə baş çəkərək onların dərdini dinləmək, ehtiyaclarına dəstək olmaq, xatirələrini yaşatmaq bizim üçün bir öhdəlik deyil - bir vicdan məsələsidir. Biz onların yanında olaraq bir millətin təşəkkürünü onlara çatdırırıq.

Bu gün biz rahat yaşayırıqsa, bu, şəhidlərimizin sayəsindədir. Onlar bizə azad bir Vətən, güclü bir gələcək qoyub gediblər. Biz onların müqəddəs ruhu qarşısında baş əyirik. Onların adını daim uca tutmalı, qəhrəmanlıqlarını gələcək nəsillərə çatdırmalıyıq. Şəhidlərə olan borcumuzu yalnız vətənə sədaqətlə, dürüst və vətənpərvər vətəndaş kimi yaşamaqla ödəyə bilərik.

Şəhidlərimizin göstərdiyi qəhrəmanlıq bizə nümunədir, onların vətən sevgisi hər bir azərbaycanlının ürəyində daim yaşayacaqdır. Unutmayaq: Şəhidlər ölməz, Vətən bölünməz!


Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Məkanları cənnət, məqamları uca olsun

Dürdanə Qardaşova
Seçilən
39
8
newscenter.az

10Mənbələr