Xəbər verdiyimiz kimi, ötən gecə Sabirabadın Muğan Gəncəli kəndində fərdi yaşayış evində baş verən yanğın 4 nəfərlik gənc ailənin məhv olmasına səbəb olub.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ötən gün rayonun adıçəkilən kəndində olan hadisə Sabirabadda yaşanan ilk belə faciə deyil.
Belə ki, 2012-ci ilin martında rayonun Qaraqaşlı kənd sakini Abdulkərim Murtuzayevə məxsus evdə qeydə alınan güclü yanğında ev sahibinin oğlu - Valehin və onun 3 övladının yanmış meyitləri tapılıb. A.Murtuzayev və gəlini Emiliya isə yanıq xəsarətləri alıb.
2013-cü ilin oktyabrında isə rayonun Quruzma kəndində baş verən güclü yanğında ev sahibinin həyat yoldaşı yanıq xəsarəti alıb, 2011-ci il təvəllüdlü nəvəsi isə vəfat edib. Digər 2 azyaşlı son anda xilas edilib.
2014-cü ilin dekabrında Sabirabadın Qaratuğay kəndindəki yanğında isə ailənin 5 üzvü: 1967-ci il təvəllüdlü Rzayeva Nəzakət Hüseynağa qızı, 1991-ci il təvəllüdlü Rzayeva Lamiyə Mahir qızı, 2009-cu il təvəllüdlü Rzayeva Mənsumə Zabil qızı, 2012-ci il təvəllüdlü Rzayeva Yağmur Zabil qızı və 2013-cü il təvəllüdlü Rzayeva Gülay Zabil qızı həyatını itirib.