AZ

Ermənistanın işğalçılıq siyasəti Azərbaycana böyük faciələr gətirdi

Ermənistan-Azərbaycan münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib.

1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnib.
Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSR-in rəhbərliyi və xaricdəki erməni diasporu 1980-ci illərin sonlarında SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək Azərbaycan SSR-in tərkibində 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV-nin) ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi üçün məqsədyönlü hərəkətə keçiblər.

Hərbi kampaniya dövründə Ermənistan silahlı qüvvələri hərbi və mülki şəxslər arasında heç bir fərq qoymadan işğal etdikləri rayon və şəhərlərdə dinc azərbaycanlı əhalini amansızlıqla qətlə yetirib. Azərbaycanlılar etnik təmizləməyə və soyqırımına məruz qalıblar. Ermənistanın hərbi-siyasi rəhbərliyi Əsgəranın Meşəli kəndində, Şuşanın Malıbəyli və Quşçular kəndlərində, Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində və digər yerlərdə dinc əhalinin amansız şəkildə sistematik və kütləvi qırğınını, soyqırımını törətməklə, Dağlıq Qarabağda yaşayan azərbaycanlı mülki əhalinin bir hissəsinifiziki cəhətdən məhv etmək, qalan hissəsinin isə müqavimət əzmini qırıb regionu onlardan təmizləmək məqsədi güdürdü.

100 ildən artıqdır ki, Azərbaycan dövlətçiliyinə və xalqına qarşı ermənilər tərəfindən törədilən beynəlxalq cinayətlər hazırda da davam etdirilir.

"1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2018-ci il tarixli Sərəncamında qeyd edilir ki, erməni millətçiləri tərəfindən tarixin müxtəlif mərhələlərində mifik "Böyük Ermənistan" ideyasının gerçəkləşdirilməsi məqsədi ilə on minlərlə azərbaycanlı məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir.

Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərər çox böyükdür. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı ölkədə ağır humanitar böhran vəziyyətinin yaranması, çoxsaylı sosial-iqtisadi obyektlərin məhv edilməsi və ölkə iqtisadiyyatına ciddi ziyanların vurulması ilə yanaşı, Azərbaycan xalqının tarixi, maddi mədəniyyət abidələrinə də ağır zərər vurulmuşdur. Əfsuslar olsun ki, bu abidələrin dağıdılaraq məhv edilməsi nəticəsində Azərbaycan xalqına dəymiş mənəvi zərərin miqyasını təyin etmək praktiki olaraq mümkün deyildir. Belə ki, talan olunmuş və məhv edilmiş mədəni-tarixi abidələr təkcə Azərbaycanın yox, həm də dünya sivilizasiyasının çox dəyərli mədəniyyət nümunələri idi.

Xalqımızın milli qürur və iftixar günü sayılan 28 May – Müstəqillik Günü Laçında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə keçirilən tədbirlərlə qeyd olundu. Bu görüş və tədbirlər yalnız təntənəli mərasimlərlə məhdudlaşmadı, eyni zamanda, regional güc balansına və geosiyasi ittifaqlara dair mühüm mesajların verildiyi strateji bir platformaya çevrildi. Üç qardaş ölkə liderlərinin Laçında – işğaldan azad olunmuş ərazilərdəki tədbirlərdə birgə iştirakı təkcə dostluq rəmzi deyildi, həm də strateji mesaj idi. Çıxışlarda səslənən fikirlər, əslində, gələcək çağırışlara qarşı birgə cavabın bəyannaməsi kimi də qiymətləndirilə bilər.

Bu çərçivədə Prezident İlham Əliyevin Müstəqillik Gününə həsr olunmuş konsertdən öncə etdiyi çıxış mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı bildirdi ki, 1991-ci ildə Sovet İttifaqı dağılandan sonra Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Ancaq Ermənistanın işğalçılıq siyasəti Azərbaycana böyük faciələr gətirmişdir. Müstəqillik elan olunandan dörd ay sonra Ermənistan dövləti xalqımıza qarşı soyqırımı törətmişdir. Xocalı soyqırımı nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın, 63 uşaq bir gecə içində vəhşicəsinə öldürülmüşdür. Müstəqillik elan olunandan yeddi ay sonra isə Laçın erməni işğalına məruz qalmışdır. Ondan əvvəl Şuşa şəhəri işğal olunmuşdur. Ermənistanın işğalçılıq siyasəti ondan sonra da davam etdirilmişdir. Xarici ölkələrin dəstəyi hesabına Azərbaycan ərazisinin təxminən 20 faizi erməni işğalına məruz qalmışdır. Qarabağ və Şərqi Zəngəzur bölgəsindən 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmış, qaçqın-köçkün həyatına başlamışdır.Prezident çıxışında həm də onu vurğuladı ki, Ermənistan bu işğalçılıq siyasətini təkbaşına həyata keçirməyib. Xarici dairələrin dəstəyi ilə Azərbaycan ərazisinin təxminən 20 faizi işğal olunub. Bu, çox önəmli və həssas bir məqamdır. Çünki bununla məsələ yalnız iki qonşu ölkə arasında münaqişə olmaqdan çıxıb. Beynəlxalq aləmdə müəyyən dairələrin Ermənistanın arxasında dayanması, Azərbaycanın isə bu illər ərzində faktiki olaraq təkbaşına mübarizə aparması nəzərə çarpır. Cənab İlham Əliyevin bu mesajı, eyni zamanda, bu gün də bəzi xarici qüvvələrin Ermənistanı qorumağa çalışdığı bir zamanda aktualdır və konkret auditoriyaya yönəlib.Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın etdiyi çıxış da təsirli idi. Qardaş ölkə Prezidentinin “Bu gün keçmişdə yaşadığımız ağrılardan dərs alaraq davamlı sülhün bərqərar olmasını, etimadın və mehriban qonşuluq münasibətlərinin qurulmasını hədəfləyirik. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq” sözləri Azərbaycanın həm hərbi, həm də siyasi meydanda qazandığı uğurların bölgədə sülhə və əməkdaşlığa yol açdığını göstərir.Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin çıxışı Azərbaycanla qardaşlıq münasibətlərinin səmimiyyətini və prinsipial xarakterini nümayiş etdirdi. O, Azərbaycanın 30 illik işğala son qoyaraq qazandığı Qələbəni yalnız hərbi deyil, həm də mənəvi və siyasi baxımdan böyük nailiyyət kimi dəyərləndirir.Türkiyənin verdiyi mənəvi-siyasi dəstəklə yanaşı, Pakistanın diplomatik platformalarda göstərdiyi həmrəylik Azərbaycanın haqlı mövqeyinin beynəlxalq səviyyədə müdafiəsinə ciddi töhfə verib.

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri.

Seçilən
120
modern.az

1Mənbələr