Çin dövlət informasiya agentliyi "Sinxua" Azərbaycanın Qax şəhərində ipəkçiliyin inkişafına həsr olunmuş material dərc edib.
"Report"un məlumatına görə, "Sinxua" qeyd edir ki, Azərbaycan 1 500 ildən çox tarixə malik Şərq ipək sənayesinin mərkəzlərindən biri olub.
Agentlik qeyd edib ki, 1960-1970-ci illərdə barama istehsalı 20 min tonu keçirdi – ölkə SSRİ-də Özbəkistandan sonra ikinci yeri tuturdu.
"Keyfiyyətinə görə isə Azərbaycan ipəyi dünyada ən yaxşı ipək hesab olunurdu və Yaponiya, İsveçrə, İtaliyaya ixrac edilirdi. Lakin 1990-cı illərdə SSRİ-nin dağılmasından sonra təsərrüfat əlaqələri pozuldu, kolxozlar yox oldu, mütəxəssislər çıxıb getdi", - materialda vurğulanıb.
Agentlik qeyd edib ki, dönüş nöqtəsi 2016-cı ildə olub. Azərbaycan Prezidenti İlham Əliyev ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında fərman imzalayıb.
"Yeni ipəkqurdu toxumlarının tətbiqi üzrə layihə başladı və ilk Çin tingləri və toxumları Tyan-Şan və Xəzəri keçərək Azərbaycana gəldi. Bu, "Bir kəmər və bir yol" təşəbbüsü çərçivəsində iki ölkənin əməkdaşlığında yeni bir fəsil olub", - məqalədə qeyd edilib.
Azərbaycan Çindən ipəkqurdu toxumlarını aktiv şəkildə almağa, onları inkubasiya etməyə və fermerlərə pulsuz paylamağa başladı ki, barama istehsalı ildə 6 min tona çatsın.