AZ

Gürcü nazir Ermənistana səfərini ləğv etdi

TBİLİSİ, 6 iyun. TELEQRAF

Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili Ermənistana bu günə planlaşdırılmış səfərini ləğv edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə “Azadlıq radiosu”nun erməni xidməti Ermənistanın Kənd Təsərrüfatı Nazirliyinə istinadla məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Gürcüstan tərəfi Ermənistan tərəfi ilə əlaqə saxlayaraq üzrxahlıq bildirib və səfərin ləğvini D.Sonqulaşvilinin həddindən artıq yüklənmiş qrafiki ilə izah edib. Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib ki, Ermənistana səfər D.Sonqulaşvilinin Fransada nazirlərin görüşündə iştirakı səbəbindən ləğv olunub.

Qeyd edək ki, gürcü nazirin Ermənistana səfəri zamnı Gürcüstan ərazisi vasitəsilə alqokol məhsullarının tranziti ilə bağlı məsələnin müzakirəsi nəzərdə tutulurdu.

Xatırladaq ki, Ermənistanın alkoqol ixracatçıları və yük daşıyıcıları Gürcüstan ərazisi ilə yüklərin daşınması zamanı ləngimələrin olduğunu iddia edirlər. Ötən ay bununla bağlı İrəvanda Gürcüstan səfirliyinin binası qarşısında etiraz aksiyaları keçirilib. Gürcüstanın Gəlirlər Xidməti öz növbəsində Ermənistanın alkoqol məhsulları ixracatçılarının yüklərinin ölkə ərazisində əsassız saxlanılması ilə bağlı ittihamlarını inkar edib.

Seçilən
87
teleqraf.com

1Mənbələr