AZ

Can Pyero Qaperini “Roma”da - Rəsmi

“Atalanta”nın baş məşqçisi Can Pyero Qaperini sözügedən klubdan ayrılaraq A Seriyasının digər təmsilçisi “Roma”nın “sükanı arxasına” keçib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

67 yaşlı italyan mütəxəssis yeni klubu ilə 3 illik (2028-ci ilin 30 iyununa kimi) müqavilə imzalayıb. O, “Roma”da təqaüdə çıxmış qocaman həmkarı Klaudio Ranyerini əvəz edib.

Can Pyero Qasperini “Atalanta”nı 2016-cı ilin iyun ayından çalışdırırdı. 67 yaşlı italyan mütəxəssisin Berqamo təmsilçisi ilə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədəydi.

2023/2024-cü illər mövsümündə Qasperini “Atalanta”nı İtaliya Kubokunun finalına daşıyıb və burada gərgin mübarizədə “Yuventus”a 0:1 hesabı ilə məğlub olub. Buna rəğmən, Qasperini komandasını toparlayıb həmin mövsümdə məğlubiyyət tanımayan Almaniya Bundesliqasının çempionu “Bayer”i Avropa Liqasının finalında 3:0 hesabı ilə məğlub edərək, həm özünün və həm də klubun beynəlxalq müstəvidə ilk böyük qənimətini qazanıb.

Qasperininin “Atalanta”sı 2024/2025-ci illər mövsümündə də İtaliya A Seriyasını isə 74 xalla 3-cü yeri tutub və UEFA Çempionlar Liqasında iştirak hüququnu qazanıb.

Can Pyero Qasperinin rəhbərliyi altında “Atalanta” 439 oyuna çıxıb, 228 qələbə qazanıb, 101 heç-heçə edib və 110 məlubiyyət yaşayıb. Berqamo təmsilçisinin top fərqi isə 855:517 nisbətindədir.

Qasperini daha öncə “Cenoa”, “Palermo”, “İnter” və “Krotone” kimi komandalara da rəhbərlik edib.

Seçilən
127
arena.az

1Mənbələr