Məsələ burasındadı ki, sahibi olduğu çempionşip təmsilçisi “Hall Siti” üçün bir həftədən çoxdu məşqçi axtarışında olan Türkiyənin tanınmış şoumeni və “Fənərbaxça”nın vitse-preizdenti Acun Ilıcalı sonda diqqətini məhz Yakiroviçə yönəltmək qərarına gəlib.
Türkiyə mətbuatının yazdığına inansaq, bosniyalı məşqçinin Kayseri klubunda qısa müddət ərzində gördüyü işlər Acunun diqqətini cəlb edib. Onlar çərşənbə günü İstanbulda görüşərək şifahi anlaşma əldə edib. Acun 48 yaşlı mütəxəssisə illik 2 milyon funt sterlinq maaş təklif edib və Yakiroviç bu təklifidüşünmədən qəbul edib. Onun bu hərəkəti “Kayserispor” fanatları və rəhbərliyi tərəfindən birmənalı qarşılanmayıb.
Daha öncə “Maribor”, “Zrinski”, “Riyeka”, Zaqreb “Dinamo”su kimi klubları çalışdırmış Yakiroviç yanvarın sonlarında “Kayserispor”la ilyarımlıq müqavilə imzalamışdı. Düzdü, bunun bir ili şərti xarakter daşıyırdı. Yəni o əslində mövsümün sonuna qədər işlədikdən sonra tərəflər şərti müqavilənin qüvvəyə minib-minməyəcəyini müzakirə etməliydilər. Amma belə görünür, artıq heç bir müzakirəyə ehtyac qalmayıb. Çünki məşqçi özünə yeni macəra tapıb.
Klub prezidenti Nurəttin Açıkalın sərt açıqlama verib:
“Bu saatdan sonra Yakiroviç geri dönüb bizdə davam etmək istədiyini desə belə, onunla işləməyəcəyik. Bu iş artıq bitdi”.