Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti sınağına çıxacaq.
Offsideplus.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv beynəlxalq yoldaşlıq görüşü çərçivəsində Riqanın "Skonto" stadionunda yerli Latviyaya qarşı mübarizə aparacaq.
Bu, 2025-ci ildə yığmamızın ilk səfər matçı olacaq.
Eyni zamanda, Latviya sınağı düz 1 il öncə milli komandamıza baş məşqçi təyin olunan F.Santuşun 9-cu oyunudur. Portuqaliyalı çalışdırıcı arxada qalan 8 qarşılaşmanın heç birində qələbə qazana bilməyib (1 heç-heçə, 7 məğlubiyyət, topların fərqi 3-24).
Azərbaycan və Latviyaları yığmaları tarixlərində 6-cı dəfə üz-üzə gələcəklər. Qüvvələr nisbəti demək olar, bərabərdir: hərəyə 1 qələbə, 3 heç-heçə, topların fərqi 5-4 bizim xeyrimizə.
Bakı vaxtı ilə saat 17-də başlanacaq oyunla bağlı bütün maraqlı məlumatları saytımız vasitəsilə izləyə bilərsiniz.
7 iyun
Latviya - Azərbaycan
Skonto stadionu. Saat 17:00
Baş hakim: Trustin Farrugia Cann (Malta)
Baş hakimin köməkçiləri: Luke Portelli, Roberto Vella (hər ikisi Malta)
Dördüncü hakim: Vitālijs Spasjonņikovs (Latviya)