Müxalif Milli Şurasının sədri Cəmil Həsənli Milli Şura və Xalq Cəbhəsi Partiyası rəhbərliyini 2 noyabr mitinqinin təxirə salınması təklifini təcili müzakirə etməyə çağırıb. "MŞ KM üzvləri və AXCP rəhbərliyi mənim bu təklifimi təcili müzakirə etsin. 2 noyabr mitinqini təxirə salaq, hərəkatımızın yeni dalğası hələ indi başlayır, əhalinin qorxudulmasına bəhanə verməyək",-Həsənli özünün Facebook səhifəsində bildirib. Onun fikrincə, "indi həm vaxt vermək, həm də tələb etmək, məqsədyönlü iş aparmaq lazımdır ki, Avropa Birliyi, ABŞ, Avropa Şurası Azərbaycan hakimiyyətilə beynəlxalq öhdəliklərini yerinə yetirməklə bağlı ciddi danışıqlar aparsın”.
Xatırladaq ki, Bakı şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq keçirməsi üçün Lökbatan stadionunda yer ayırıb. Lakin müxalifət mitinqi metronun "28 May" stansiyasının ətrafında keçirməkdə israr edirdi. Bununla bağlı DİN və Baş prokurorluq müxalifət liderlərinə sərt xəbərdarlıq edib, onları qanunsuz aksiyadan çəkinməyə çağırıb.
www.anews.az