Azərbaycan Premyer Liqasında mübarizə aparan “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram Moldova millisinin heyətində növbəti oyuna çıxıb.
Arena.az xəəbr verir ki, 30 yaşlı futbolçu Polşa milli komandası ilə yoxlama oyununun iştirakçısı olub.
Moldova yığması səfərdə baş tutmuş bu görüşdə 0:2 hesablı məğlubiyyətə üzülüb. Kristian bu oyunda əsas heyətdə yer alıb və sonadək mübarizə aparıb. Polşalılar onu 30-cu və 88-ci dəqiqələrdə məyus ediblər.
Qeyd edək ki, bu, Avramın əsas milli komandada 12-ci oyunu olub.
Moldova yığması iyunun 9-da DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İtaliya millisi ilə də qarşılaşacaq.
Kristian Avram 2021-ci ilin iyun ayında debüt etdiyi Moldova yığmasında 12 oyuna çıxıb. O, bu oyunlarda 20 qol buraxıb, 3 matçda qapısını toxunulmaz saxlayıb.
Avram 2023-cü ilin yayından “Araz Naxçıvan”da çıxış edir. Moldovalı qolkiper Premyer Liqa təmsilçisinin heyətində 75 oyuna 77 qol buraxıb, 26 “quru” matç keçirib.
Moldova yığmasının üzvü daha öncə “Petrokub”, “Dinamo-Avto”, “Daçiya”, “Buzau”, “Kişinyov Akademiyası” kimi klubların da şərəfini qoruyub.