Jurnalist Dərya Nur Cəfərova “Teleqraf”ı cərimələtdirib, bu media qurumunun rəhbəri Aynur Camalqızı barədə sərt fikirlər səsləndirib.
Heftelik.az-ın xəbərinə görə, jurnalist bu barədə sosial şəbəkədə paylaşım edib.
Dərya Nur Cəfərova onun vətəndaş kimi hüquqlarını təmin edən Dövlət Əmək Müfəttişliyinə təşəkkür edib: “Bura Azərbaycandır, “boş ver” desələr də, mən yeni Azərbaycanın vətəndaşı olduğuma inandığım üçün geri çəkilmədim.
Bəli, Əmək Müfəttişliyi Aynur Camalqızından tələb etdiyi hesabatı göndərməsə belə, “Teleqraf”-ı cərimələdi. Ancaq bu son deyil. Vergidən yayınma və digər pozuntular üçün məhkəmədə görüşəcəyik.
Axı heçmi, 4 il Milli Məclisdə oturduğun müddətdə bir dəfə də olsun Konstitusiyanı vərəqləmədin?
Ordan-burdan qamarladığın cümlələrlə əlində bayraq eləmisən ki, “Bu gün Azərbaycan reallıqlar yaradır”. Bəli, Aynur Camalqızı, bax, bu cərimə də elə o reallıqların təzahürüdür. Azərbaycan artıq 2000-lərdəki Azərbaycan deyil ki, 5-ci sinif inşalarıyla at oynadasan.
Mən sizə 1 ay dayanmadan izah etməyə çalışdım, ancaq son sözün o oldu ki, “nə bilirsən, et.”
Etdim. Necədi? Mən arxamı dövlətə söykədim. Sən isə özün bilərsən. Mən gündə 3 xəbər yazmalıymışam, gedib Saraçhanənin önündə İmamoğlunun qarşısını kəsib eksklüziv almalıymışam. Bəlkə gəlib evini də süpürərdim o pula? Amma günah məndədir ki, mənim nə işim var sənin saytında?
“Gəl maaşını ödəyək, şikayəti geri çək” deyən işçilərinə başa sal ki, o pul mənim haqqım olan puldur. Nəyin bazarlığını aparırsan?
O pulu zatən dövlət sökə-sökə səndən alıb verəcək mənə. Bunu xoşluqla həll etməyə səndə ürək olmadı. Çünki sizin gözünüz doymur. O 1000 manat sənin imicindən daha dəyərli oldu ki, bu yolu seçdin”.