AZ

Roberto Mançini İtaliya millisindən ayrılmasına peşmandır

60 yaşlı italyan mütəxəssis Roberto Mançini İtaliya yığmasının sükanı arxasından ayrılması haqda qərarına peşman olduğunu bildirib.

Arena.az “Tuttosport” dərgisinə istinadən məlumat verir ki, Mançini müvafiq qərarının səhv addım olduğu qənaətinə gəldiyini etiraf edib:

“Əgər zamanı geri qaytarmaq imkanım olsaydı, mən yığmadan getməzdim. Mən bu qərarım haqda təəssüflənirəm. O vaxt çoxlu anlaşılmazlıqlar vardı – əgər mən federasiya prezidenti ilə nisbətən çox ünsiyyət etsəydim, hər şey fərqli ola bilərdi. Bu, mənim səhvimdir. Geriyə boylananda, mən başa düşürəm ki, qalmalı idim. Yığmada işləmək – karyeramda ən yaxşı duyğulardan biridir, yığma ilə qələbə qazanmaq isə – daha da xüsusidir”, deyə Mançini duyğusalcasına vurğulayıb.

Xatırldaq ki, “skuadra adzurra”dan ayrılmış Mançini 2023-cü ilin avqustunda Səudiyyə Ərəbistanı yığmasının sükanı arxasına keçmiş, amma ərəblərlə macərası qısa olmuşdu. 2024-cü ilin oktyabrında italyan mütəxəssis Səudiyyə Ərəbistanı yığmasının sükanını təhvil vermişdi.

İtaliya yığmasını isə Mançini 2018-ci ilin may ayından 2023-cü ilin avqust ayına qədər çalışdırıb. Mançini uğurlu fəaliyyəti ilə İtaliya yığması AÇ-2020-nin qalibi olmağı bacarıb. Bununla yanaşı, Mançini İtaliya yığması ilə UEFA Millətlər Liqasında 2 dəfə bürünc medal qazanıb (2021, 2023). Roberto Mançininin “skuadra adzurra”sı 2022-ci ildə Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində keçirilmiş “Finalissima” oyununda dünya çempionu Argentina yığmasına 0:3 hesabı ilə məğlub olaraq, “gümüş”lə kifayətlənib.

Roberto Mançini məşqçilik karyerası ərzində “Fiorentina”, “Latsio” və “İnter”, “Mançester Siti”, “Qalatasaray” və “Zenit” (Sankt-Peterburq) komandalarını çalışdırıb. İtalyan mütəxəssis güclü təşkilati bacarığı, meydanda və meydandan kənarda futbol ab-havasını tənzimləyə bilmək qabiliyyəti ilə səciyyəvidir. Maraqlıdır ki, Mançini çalışdırdığı bütün kollektivlərlə uğur qazana bilib.

Əlavə edək ki, Mançini hazırda işsizdir.

Seçilən
142
arena.az

1Mənbələr