BAKI, 9 iyun. TELEQRAF
Qəzzaya humanitar yardım aparan "Madlen" yelkənli gəmisi ilə əlaqə itib.
Teleqraf xəbər verir ki, hadisə İsrail hərbçilərinin gəmiyə minmələrindən sonra baş verib.
Bu barədə "Röyters" məlumat yayıb.
Xatırladaq ki, "Azadlıq donanması" çərçivəsində hərəkət edən gəmi 2010-cu ildən bəri Qəzzaya humanitar yardım daşıyır.
Yelkənli gəmidəki sərnişinlər arasında 22 yaşlı isveçli fəal Qreta Tunberq , “Taxt Oyunları”nın ulduzu Liam Kanninqem və Avropa Parlamentinin fransalı deputatı Rima Hassan da olub.
"Madlen"lə əlaqə kəsildikdən sonra X sosial şəbəkəsində Q.Tunberqin videomesajı yayımlanıb, orada isveçli fəal İsrail hakimiyyətini onu qaçırmaqda ittiham edib. Video "Azadlıq Donanması" layihəsi tərəfindən yayımlanıb.
Bir gün əvvəl bildirildi ki, göyərtəsində Qreta Tunberqin də olduğu gəmi fövqəladə vəziyyətlə üzləşib və onun göyərtəsində həyəcan siqnalı verilib.
Bundan əvvəl İsrailin müdafiə naziri İsrael Kats fələstinli fəalları daşıyan "Madlen" gəmisinin Qəzza zolağı sahillərinə buraxılmamasına göstəriş vermişdi.