AZ

Daşkənddə Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi münasibətilə böyük konsert keçirilib

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına
Azərbaycan Mədəniyyət Mərkəzinin və Daşkənddəki Əlişir Nəvai adına Dövlət
Akademik Böyük Teatrın birgə təşkilatçılığı ilə böyük Azərbaycan bəstəkarı,
musiqişünas-alim, dramaturq və pedaqoq Üzeyir Hacıbəylinin anadan
olmasının 140 illik yubileyi münasibətilə böyük konsert keçirilib.

Konsertdə Azərbaycandan  dəvət olunan incəsənət xadimləri və
Özbəkistan musiqiçiləri iştirak edib.

Ölkəmizin Özbəkistandakı səfirliyinin müşaviri Fariz Məmmədov qonaqları
salamlayaraq bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il
böyük Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı Üzeyir
Hacıbəylinin anadan olmasının 140 illiyinin keçirilməsi ilə bağlı sərəncam
imzalayıb və bu bir daha təsdiq edir ki, ölkəmizdə böyük bəstəkara hörmət
sonsuzdur. O bildirib ki, “Leyli və Məcnun” operasını yazmaqla müsəlman
Şərqində ilk operanın əsasını qoyan bəstəkarın “Koroğlu” operası, “O
olmasın, bu olsun” və “Arşın mal alan” operettaları milli musiqimizin zirvələri
sayılır.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin
direktoru Akif Marifli öz çıxışında bildirib ki, Üzeyir Hacıbəyli çoxşaxəli
yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli
şəxsiyyətlərdəndir. O, Azərbaycan bəstəkarlıq məktəbinin banisi, milli musiqi
xəzinəsini nadir forma və janrlarla zənginləşdirən novator sənətkardır. Üzeyir
Hacıbəyli təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyətinə
böyük töhfə verib. Onun yaradıcılığı Azərbaycan musiqisini dünya
səviyyəsinə qaldırmaqla yanaşı Özbəkistanda musiqi və teatr sənətinin
inkişafına da bəhrəsiini verib. Onun tərtib etdiyi Azərbaycan xalq musiqisinin elmi
əsaslarla öyrənilməsi və notlaşdırılması milli musiqi məktəbinin
formalaşmasında mühüm rol oynamışdır.

A.Marifli deyib: “Təsadüfi deyil ki, hələ ötən əsrin əvvəllərindən başlayaraq
dahi bəstəkarın əsərləri dəfələrlə Daşkənddə, Səmərqənddə, Buxarada
səhnəyə qoyulub və bu da özbək milli teatrının formalaşmasına ciddi təsir
göstərib”.

Teatrın baş rejissoru Heydərəli Qasımov belə bir musiqi bayramını təşkil
etdiyinə görə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin
rəhbərliyinə təşəkkürünü bildirib. O deyib ki, ölkəmizdə Azərbaycan musiqisi,
muğamları çox sevilir, Özbəkistanda elə bir şənlik, elə bir toy olmaz ki, orada
Azərbaycan musiqisi səslənməsin.

Təxminən iki saat davam edən konsert Üzeyir Hacıbəylinin məşhur “Koroğlu”
operasının uvertürası ilə başlayıb.

Konsertə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin
dirijoru Mustafa Mehmandarov dirijorluq edib.

Musiqi bayramında Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri
Nigar Cəfərova, Atəş Qarayev, eləcə də Özbəkistanın Xalq artisti Səməndər
Alimov və solist Malikə Normatovanın ifasında “Koroğlu” operasından Nigarın
ariyası, “Sevgili canan” romansı, “Arşın mal alan” operettasından Əsgərin
ariyası, “Nərgiz” operasından Nərgizin ariyası, “Koroğlu” operasından
Koroğlunu ariyası, “Arşın mal alan” operettasından Əsgərlə Gülçöhrəninn
dueti səslənib.

Bundan başqa konsertdə Müslüm Maqomayevin “Təntənəli marş” əsəri,
Soltan Hacıbəyovun “Karvan” simfonik suitası, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Süleyman Yudakovun “Xarəzm bayram yürüşü” və digər əsərlər
də ifa edilib.

Konsertdə səslənən bütün musiqi nömrələri tamaşaçıların sürəkli alqışları ilə
müşayiət olunub.

Musiqi bayramında səfirliyimizin və Heydər Əliyev adına Azərbaycan
Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın elm, mədəniyyət və
incəsənət xadimləri, musiqisevərlər, ictimaiyyətin nümayəndələri iştirak
edib.

Qulu Kəngərli

Daşkənd

Seçilən
37
18
xalqqazeti.az

10Mənbələr