BAKI, 9 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın sərt miqrasiya siyasətinə qarşı Los-Ancelesdə keçirilən etiraz aksiyaları şəhərdə ictimai asayişin pozulması ilə nəticələnib.
Teleqraf xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Aksiya iştirakçıları getdikcə daha radikal üsullara əl ataraq magistral yolları bağlayıb və hərəkətdə olan avtomobillərə körpülərdən müxtəlif əşyalar daş, velosiped, skuterlər və işıq-səs qumbaraları atıblar.
Hadisə zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları təhlükəsizlik məqsədilə körpünün altına çəkilməyə məcbur olublar.
Etirazların əsas səbəbi ABŞ Miqrasiya və Gömrük İdarəsinin (ICE) keçirdiyi əməliyyat zamanı 45 nəfərin saxlanılması olub. Həmin hadisədən sonra şəhər küçələrində polislə aksiya iştirakçıları arasında bir neçə dəfə toqquşmalar baş verib.
Yerli hakimiyyət orqanları yeni insidentlərin qarşısını almaq üçün əlavə təhlükəsizlik tədbirləri görür.
Ekspertlər hesab edirlər ki, mövcud gərginlik ABŞ-də miqrasiya siyasətinin ictimai narazılıq doğurduğunu və bunun daha genişmiqyaslı sosial qarşıdurmalara yol aça biləcəyini göstərir.