AZ

Qırğız yazıçısı Aytmatovun vəfatının ildönümünə həsr olunmuş forum keçiriləcək

BAKI, TurkicWorld

Çingiz Aytmatov “Türk dünyasının gələcəyi” forumu ilə anılacaq.

TurkicWorld xəbər verir ki, Qırğızıstanın paytaxtı Bişkekdə görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun vəfatının 17-ci ildönümü münasibətilə “Çingiz Aytmatov, Türk dünyasının gələcəyi” adlı beynəlxalq forum keçiriləcək.

Forumun açılışı 10 iyun tarixində Qırğızıstan Elmlər Akademiyasında, davamı isə 11 iyunda Qırğızıstan-Türkiyə Manas Universitetində (KTMU) baş tutacaq. Tədbirdə Türkiyə və digər türk dövlətlərindən alimlər, siyasətçilər və sənət adamları iştirak edəcək.

Qeyd edək ki, bu forum MHP sədri Devlet Bahçelinin təşəbbüsü və himayəsi ilə bu ilin fevralında Ankarada yaradılan Çingiz Aytmatov İnstitutunun ilk xarici tədbiri olacaq. İnstitutun prezidenti, MHP sədrinin müavini Prof. Dr. İlyas Topsakal da forumda iştirak edəcək.

Topsakal bildirib ki, tədbirlər iyunun 10-da Ata-Beyit Milli Tarix-Memorial Kompleksində – yazıçının və atasının məzarları önündə keçiriləcək anım mərasimi ilə başlayacaq. Onun sözlərinə görə, Bişkekdə ilk tədbirin keçirilməsi institutun türk dünyasında birləşdirici rolu baxımından mühüm əhəmiyyət daşıyır.

“Bu forum yalnız bir anım mərasimi deyil, eyni zamanda Aytmatovun türk dünyası və onun gələcəyi ilə bağlı fikirlərinə dəstək missiyası daşıyır”, – deyə Topsakal əlavə edib.

Qeyd edək ki, Çingiz Aytmatov 1928-ci il dekabrın 12-də Qırğızıstanın Talas vilayətinin Şəkər kəndində anadan olub. O, 2008-ci ilin iyun ayının 10-da müalicə üçün aparıldığı Almaniyada vəfat edib.

Seçilən
102
14
turkic.world

10Mənbələr