AZ

Çində çat-botlar vacib imtahanlar zamanı məktəblilərə kömək etməyi dayandırdı

Çin şirkətləri süni intellektin təhsil sahəsində sui-istifadəsinin qarşısını almaq üçün növbəti addım atıblar. Məşhur Çin çat-botları, o cümlədən "DeepSeek" 7-10 iyun tarixlərində ölkədə keçirilən ali məktəblərə qəbul imtahanları zamanı şəkil tanıma funksiyasını müvəqqəti deaktiv ediblər. 

Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Çin təhsilində həlledici mərhələ – Gaokao

Üç gün davam edən Gaokao imtahanı Çin təhsil sistemində ən vacib mərhələlərdən biri hesab olunur və milyonlarla tələbənin gələcək təhsil və karyerasına birbaşa təsir göstərir. 2025-ci ildə bu imtahanı 13,4 milyon namizəd verəcək.

Buna görə də, yerli texnologiya şirkətləri imtahan zamanı şagirdlərin süni intellekt vasitəsilə köçürməsinin qarşısını almaq məqsədilə çat-bot funksiyalarına məhdudiyyət qoyublar.

Çinli çat-botlar bu dövrdə istifadəçiyə belə bir mesaj göstərir:

"Ali məktəblərə qəbul imtahanlarının ədalətliliyini təmin etmək məqsədilə bu funksiya 7–10 iyun tarixlərində mövcud deyil".

"DeepSeek" kimi bəzi çat-botlar şəkil tanıma funksiyasını tamamilə dayandırmasa da, imtahan sualları ilə əlaqəli şəkilləri analiz etməyə icazə verilmir.

"Bloomberg" bildirir ki, bəzi Çin əyalətlərində imtahanların ədalətli keçirilməsini təmin etmək üçün süni intellekt əsaslı nəzarət sistemləri tətbiq olunur. Bu sistemlər:

* pıçıltını və şübhəli davranışları tanıyır,
* qadağan olunmuş əşyaların istifadəsini müəyyənləşdirir,
* potensial köçürmə cəhdlərini real vaxtda izləyir.

Qeyd edək ki, "DeepSeek"in inkişaf etdirilmiş versiyası may ayının sonunda təqdim olunub və "ChatGPT" və "Google Gemini" səviyyəsində olduğu bildirilir. Yeni versiyada “halüsinasiyalar” azaldılıb, məhsuldarlıq və interfeys təkmilləşdirilib.

Bu texnologiyanın sürətlə populyarlaşması Çin hökumətinin diqqətini cəlb edib. "The Information"un məlumatına görə, dövlət texnologiyanın "sızma" riskindən ehtiyatlanaraq "DeepSeek" şirkətinin əsas mühəndislərinin xarici pasportlarını müsadirə edib, bu isə onların ölkəni tərk etməsini qeyri-mümkün edir.

Paşa Məmmədli

Seçilən
90
23
valyuta.az

10Mənbələr