AZ

Həyasızlığı bərq vuran Tunberq

İsrail hərbçiləri Fələstinin Qəzza zolağına doğru hərəkət edən, göyərtəsində “ekofəal” Qreta Tunberqin və digər ictimai fəalların da olduğu “Madleen” gəmisini saxlayıb.

“The Times of Israel” nəşrinin ölkənin Xarici İşlər Nazirliyinə (XİN) istinadla yaydığı məlumatda bildirilir ki, gəmiyə daxil olan hərbçilər onu İsrail sahillərinə doğru yönləndirib. İyun ayının əvvəlində Siciliya sahillərindən yola düşən “Madleen” yaxtasında 12 nəfər fəal olub. Onlar Qəzza zolağına humanitar yardım çatdırmaq niyyətində olduqlarını bildiriblər.

İsrail XİN isə “ekofəal”ların sözügedən “humanitar yardım” aksiyasına kəskin reaksiya verib: “Qəzzaya humanitar yardım çatdırmağın Instagram selfilərini əhatə etməyən yolları da var”.

Nazirlik əlavə edib ki, fəalların gətirdiyi "cüzi miqdarda humanitar yardım" rəsmi humanitar kanallar vasitəsilə Qəzzaya çatdırılacaq.

İsrail XİN-in aaçıqlamasında o da qeyd olunub ki, Tunberq və tərəfdaşları əslində media provokasiyası həyata keçirməyə çalışıblar:

“Qreta və digərləri diqqəti özlərinə çəkməyə çalışdığı və bir yük maşınından da az humanitar yardım ehtiva edən aksiya keçirdiyi bir vaxtda, son iki həftə ərzində İsraildən Qəzzaya 1200-dən çox yük maşını ilə yardım göndərilib. Bundan başqa, Qəzza Humanitar Fondu birbaşa mülki vətəndaşlara 11 milyon yemək paylayıb”.

Tunberq və dəstəsinin olduğu gəminin İsrail hərbçiləri tərəfindən saxlanılması dünyada böyük rezonans doğurub. Fələstinə rəğbət bəsləyən qüvvələr dünyanın hər yerində İsrailin bu addımını sərt şəkildə qınayırlar. Qreta Tunberqə də elə bu lazım idi.

Bizim isə (Azərbaycan və Türkiyənin) Qreta Tunberqi dəstəkləməyimizə gərək yoxdur. Çünki bu dələduz və təxribatçı qızcığaz Qarabağdakı keçmiş erməni separatçılarını sıx dəstəkləyirdi və 2023-cü ilin 19-20 sentyabrındakı antiterror əməliyyatından sonra hətta Tbilisidə Azərbaycanın əleyhinə aksiya da təşkil etmişdi.

2024-cü ilin noyabr ayında isə Türkiyənin Diyarbəkr bölgəsinə və Van şəhərinə “iqlim fəalı” kimi səfər edən Q.Tunberq həmin ərazini özünün sosial media hesabında “Kürdistan” kimi qeyd etmişdi. Ümumiyyətlə, bu qalmaqallı “ekofəal” hal-hazırda özünü buraxdığını elan edən PKK terror təşkilatına rəğbəti ilə tanınır.

Əlbəttə, biz Beniamin Netanyahu hökumətinin Qəzza sakinlərinə qarşı aqressiv mövqeyini dəstəkləmirik. Lakin erməni separatizminin və PKK terrorçularının dəstəkçisi kimi tanınan dırnaqarası "ekofəal" Qreta Tunberq üçün də göz yaşı axıtmaq fikrimiz yoxdur.

Seçilən
114
vaxt.az

1Mənbələr