Yay tətili şagirdlərin ən uzun tətillərindəndir. İlin böyük hissəsini dərslərlə, imtahanlarla və müxtəlif məktəb fəaliyyətləri ilə məşğul olan şagirdlər yay tətilini həm istirahət, həm də əyləncə vaxtı kimi görürlər. Lakin bir çox məktəbdə şagirdlərə yay tətili üçün tapşırıqlar verilir.
Bu tapşırıqların verilməsi bəzən müsbət, bəzən isə mənfi qarşılanır.
Yay tapşırıqlarının verilməsi şagirdlərə necə təsir göstərir?
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Operativ Media-ya öz münasibətini bildirib.
"Yay tətili ərəfəsində ibtidai sinif müəllimlərinin şagirdlərə verdiyi tapşırıqlar uzun müddətdir müzakirə mövzusudur. Bu praktikaya təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində də rast gəlinir. Lakin tətil dövründə uşaqlara akademik yönlü tapşırıqlar verilməsi, onların istirahət hüququ, psixoloji vəziyyəti və təhsilə münasibətləri baxımından ciddi təhlil tələb edir. Tətilin məqsədi təkcə dərsdən uzaqlaşmaq deyil, uşağın sosial bacarıqlarının, yaradıcılıq qabiliyyətinin inkişaf etməsi və ailə ilə münasibətlərinin möhkəmlənməsi üçün şərait yaratmaqdır. Təəssüf ki, bəzən verilən tapşırıqlar bu məqsədə xidmət etmir, əksinə uşaqları tətildən uzaqlaşdıraraq məktəbə qarşı motivasiyanın azalmasına səbəb olur.
İbtidai siniflərdə verilən yay tapşırıqları psixopedaqoji baxımdan da müxtəlif nəticələr doğurur. Pedoqoji baxımdan faydalı sayıla biləcək təkrarlama və möhkəmləndirmə funksiyası, yanlış tətbiq edildikdə, psixoloji yüklənməyə, öyrənməyə qarşı mənfi emosional münasibətə səbəb ola bilər. Tədqiqatlar göstərir ki, yay aylarında uşaqların orta hesabla 2-3 ay ərzində qazandıqları biliklərin 20–30 faizini unuda bildikləri müşahidə olunub. ABŞ-də aparılan “Cooper et al., 2003” adlı genişmiqyaslı meta-analizdə qeyd olunur ki, yay aylarında xüsusilə riyaziyyat və oxu bacarıqlarında geriləmə müşahidə olunur. Buna görə də təkrar mahiyyətli, lakin yüngül və motivasiyaedici tapşırıqların verilməsi faydalı ola bilər.
Dünya təcrübəsi isə bu məsələyə fərqli yanaşmalar təklif edir. Finlandiya və Norveç kimi ölkələrdə yay tapşırıqları ya ümumiyyətlə verilmir, ya da çox məhdud və yaradıcı xarakter daşıyır. Əsas məqsəd uşaqların müstəqil öyrənməyə təşviq edilməsidir.
Azərbaycan təhsil sistemində isə bu məsələ sistemsiz və subyektiv yanaşmalarla həyata keçirilir. Bir çox müəllim eyni məktəbdə belə fərqli tətil tapşırığı təcrübəsi tətbiq edir. Nəticədə, bəzi şagirdlər çox yüklənir, digərləri isə tamamilə nəzarətsiz qalır. Tapşırıqlar bəzən təkrar mövzu əvəzinə, şagird səviyyəsini aşan tələblərlə verilir, bu isə təlimdə bərabərsizlik və sosial ədalətsizlik yaradır. Kənd məktəblərində internetə çıxışı olmayan uşaqlar üçün “online tapşırıq sistemləri” ilə işləmək faktiki olaraq mümkün deyil".
Ekspert həll yolunu isə belə açıqlayır:
"Bu vəziyyət dəyişməlidir. Tətil tapşırıqları sistemləşdirilməli, onların məqsədi, məzmunu və həcmi normativ sənədlərlə müəyyən olunmalıdır. Elm və Təhsil Nazirliyi tərəfindən hər sinif səviyyəsinə uyğun “yay tapşırıq bələdçisi” hazırlanmalı və müəllimlərə tövsiyə kimi təqdim olunmalıdır. Bələdçi yaradıcılıq, oxu vərdişlərinin inkişafı, ailə ilə birgə fəaliyyət, təbiət müşahidəsi, idman və rəsm fəaliyyətləri kimi sahələri əhatə etməlidir. Bu həm təlimin keyfiyyətini artırar, həm də şagirdin istirahət hüququnu qoruyar.
Bu cür dəyişikliklər tətbiq olunarsa, həm uşaqların məktəbə marağı qorunar, həm də ailələr üzərindəki təzyiq azalır. Valideynlər tətili bir “ev tapşırığı stresi” yox, ailə bağlarını möhkəmləndirən fürsət kimi dəyərləndirərlər. Müəllimlər isə şagirdlərini daha motivasiyalı və öyrənməyə hazır şəkildə yeni dərs ilinə qaytararlar.
Beləliklə, yay tapşırıqları məsələsi yalnız pedaqoji deyil, hüquqi, sosial və psixoloji aspektlərdən də sistemli şəkildə yanaşılmalı olan bir sahədir. Hazırkı tətbiq bu sahədə vahid standartın və pedoqoji baxışın olmadığını göstərir. Tədris yükü ilə tətilin balansı yenidən tənzimlənməli və şagirdin mərkəzdə olduğu bir yanaşma formalaşdırılmalıdır".