AZ

Tiqran Xaçaturov etiraf etdi ki, o, bu materiallarla tanış deyil - MÜSAHİBƏ

BAKI, 10 iyun. TELEQRAF

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Ziyad Səmədzadə Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ziyad müəllim, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin "Russia Today" kanalına müsahibəsində keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktlar təhrif edilib, Qarabağ bölgəsi mübahisəli ərazi kimi təqdim olunub. Ukrayna ərazisində yaranmış 4 bölgə ilə Qarabağ arasında paralellik aparılıb. Bunu necə başa düşmək olar?

- Azərbaycanın Xarici İşlər Nazirliyinin də bu məsələ ilə bağlı bəyanatı var. Bu bəyanat verilən açıqlamaya adekvatdır və onu təqdir edirəm. Sözsüz ki, Rusiya Prezidentinin köməkçisinin fikirləri heç bir məntiqə sığmır. Bu yanaşmanı yalnız Azərbaycan-Rusiya münasibətlərinə zərbə vuran bir hal kimi qiymətləndirmək olar. Çünki Azərbaycan dövləti müstəqil siyasət yürüdür və heç vaxt, heç bir dövlətin ərazisinə yan baxmayıb. Ölkəmiz özünün ərazi bütövlüyünü qorumaq üçün bütün imkanlardan istifadə etdi. Beləliklə, Azərbaycan ərazisində uzun on illiklər kök salmış erməni separatizminə son qoyuldu. Bir məsələni də xatırlayaq ki, Azərbaycan müstəqilliyinin ilk illərində sabiq Rusiya prezidenti Boris Yeltsinin və ondan öncə isə keçmiş SSRİ prezidenti Mixail Qorbaçovun ölkəmizə qarşı haqsız, ədalətsiz münasibəti nəticəsində ermənilərin fəaliyyəti genişlənmişdi. Bu gün isə Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Artıq Ermənistanın işğalından azad edilən ərazilərində böyük quruculuq işləri gedir. Dünyanın mütərəqqi insanları ölkəmizinbu məsələlərdəki haqq işini dəstəkləyir.

- Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi rusiyalı həmkarlarınızla bu cür bəyanatların iki ölkə arasında münasibətlərə mənfi təsirləri ilə bağlı hansı söhbətlər aparmısınız? Bu yanlışlıqları onların diqqətə çatdırırsınızmı?

- Uzun illər Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti olmuşam. Çoxsaylı görkəmli rus alimləri, ən məşhurları ilə dostluq etmişəm. İndi də onlarla münasibətlərim var. Müəllifi olduğum “Dağlıq Qarabağ: gizli qalan həqiqətlər" (Нагорный Карабах: Неизвестная Правда) kitabımda bütün faktları göstərmişəm. Həmçinin onlarla təmaslarımda da bildmişəm ki, Qarabağ Azərbaycan torpağıdır. Oranın sosial-iqtisadi inkişafına keçmiş sovet dövründə də xüsusi diqqət ayrılıb. Ermənilər o vaxt iddia edirdilər ki, onlar guya burada pis yaşayırlar. Amma biz erməni alimlərinin iştirakı ilə böyük dəyirmi masa keçirdik. Onlara sübut etdik ki, Azərbaycan dövləti heç vaxt regionların inkişafı prosesində ermənilərin yaşadığı yerlərə diqqətsiz qalmayıb. Ermənilər də bunu gördülər, inandılar. Həmin dəyirmi masada keçmiş SSRİ-nin akademiki, əslən erməni olan Tiqran Sergeyeviç Xaçaturov etiraf etdi ki, çox təəsüf ki, o bu materiallarla tanış deyil. Eyni zamanda mütəmadi olaraq alimlərlə beynəlxalq konfranslarda, tədbirlərdə öz fikirlərimizi deyirik və bundan sonra sonra da deyəcəyik.

- Kremldən olan bu kimi açıqlamalar Azərbaycan-Ermənistan sülh prosesinin ruhuna necə təsir edəb ilər?

- Sözsüz ki, bu kimi çıxışlar sülh prosesi ilə yanaşı Ermənistandakı revanşistlərin də əhvalına təsir edə bilər. Amma ədalət bərpa olunub. Azərbaycanın haqq səsi bir iki ölkəni çıxmaq şərti ilə bütün dünya tərəfindən qəbul edilir. Prezident İlham Əliyevin həyata keçirdiyi milli maraqlara, ölkənin iqtisadi, milli təhlükəsizliyinə cavab verən siyasəti beynəlxalq aləm tərəfindən birmənalı şəkildə qəbul olunur. Ona görə də kənardan hansısa amillərin ümumi prosesə təsirlərinin olması mümkün deyil. Nə olmasından asılı olmayaraq isə hansısa təsirlər olsa belə bu Azərbaycan dövləti tərəfindən aradan qaldırılacaq.

- Rusiya Xarici İşlər nazirinin İrəvana son səfərində verilən məlum bəyanatlardan sonra Ermənistanda artan daxili isterika arasında hansısa əlaqə varmı?

- Bunlar hamısı iyrənc siyasi oyunlardır. Müəyyən hallarda ayrı-ayrı hadisələrin fonunda bu kimi cəhdlər edilir. Uzun illər Azərbaycan əraziləri Ermənistan tərəfindən işğalda saxlanıldığı dövrdə buna dair mənfi fikirlər səslənirdi. Amma onların heç bir nəticəsi olmadı. Azərbaycan dövləti düzgün milli maraqlara, beynəlxalq qaydalara, qanunlara cavab verən siyasət həyata keçirir. Ona görə də nə qədər təlatümlü hadisələr baş versə də, onlar heç bir nəticə verməyəcək.

Seçilən
68
1
teleqraf.com

2Mənbələr