“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, “Veysəloğlu” Şirkətlər Qrupunun baş sponsorluğu və Qarabağ Universitetinin tərəfdaşlığı ilə şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, 4–6 iyun tarixlərində Xankəndi şəhərində keçirilən “Zəfər Sədası” adlı intellektual yay düşərgəsi “Konstitusiya və Suverenlik İlinə həsr olunub.
Bu il orta məktəbi bitirən 27 şəhid övladının iştirak etdiyi layihənin əsas məqsədi onların ali təhsil imkanları ilə tanışlığı, karyera yönümlü inkişafı və Qarabağla mənəvi bağlarının möhkəmləndirilməsi olub.
İştirakçılar Qarabağın incisi olan Şuşa şəhərində Cıdır düzü, Şuşa qalası, Yuxarı Gövhər Ağa məscidi, Xankəndidə Qarabağ Universitetini ziyarət ediblər. Universitetin rektoru Şahin Bayramov şəhid övladlarını universitetdə qəbul etməkdən qürur duyduqlarını bildirib, bu torpaqlarda həyat və təhsilin məhz şəhidlərin canı və qanı bahasına bərpa olunduğunu vurğulayıb. Daha sonra universitetin fakültələri, ixtisasları və qəbul prosesi barədə təqdimat keçirilib, abituriyentlərin sualları ətraflı cavablandırılıb.
“Zəfər” İctimai Birliyinin sədri Sevinc Orucova bu səfərin təkcə tanıtım xarakteri daşımadığını, həm də gənclərin Qarabağla mənəvi bağlarının möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Həmin gün “Xəzər” İntellektual Gənclər Klubu tərəfindən şəhid övladları və Qarabağ Universitetinin tələbələri arasında intellektual yarış təşkil olunub. Dostluq ruhunda keçən yarışın sonunda qaliblərə “Veysəloğlu” Şirkətlər Qrupu tərəfindən hədiyyələr təqdim olunub.


