Özbəkistan Türk dövlətləri ilə, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində hərtərəfli əlaqələrin möhkəmləndirilməsinə xüsusi önəm verir.
"Report" xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandaki səfiri Bahrom Aşrafxanov Bakıda keçirilən II Türk dövlətləri ticarət və investisiya əməkdaşlıq forumu və sərgisində deyib.
"Əminik ki, ticarət, investisiya, innovasiya, nəqliyyat və logistika sahələrində tərəfdaş ölkələrin potensialı hələ tam istifadə olunmayıb. Hazırda elə bir dövrdə yaşayırıq ki, ticarət, iqtisadiyyat, əməkdaşlıq, regional sabitliyin möhkəmləndirilməsi, xalqların rifahının təmin olunması və ədalətli, firavan gələcəyin qurulmasında Türk dövlətləri həlledici rol oynayır", - deyə o bildirib.
Səfir qeyd edib ki, bu gün aparıcı şirkətləri, sahibkarları və dövlət nümayəndələrini bir araya gətirən sərgi əməkdaşlıq, təcrübə mübadiləsi və qarşılıqlı faydalı layihələr üçün yeni imkanlar açır:
“Əminəm ki, forum çərçivəsində konkret təşəbbüslərin həyata keçirilməsinə töhfə verəcək mühüm razılaşmalar əldə olunacaq. Qoy Türk birliyi və qarşılıqlı anlaşma ruhu bizi daim yeni zirvələrə aparsın”, – deyə səfir əlavə edib.