Bir müəllim dərsdən sonra, qeyri-iş günündə şagirdlərinin valideynləri ilə sosial xarakterli tədbirdə iştirak edib və onlardan bir təşəkkür hədiyyəsi qəbul etdiyi üçün ona töhmət verilir?
Yenilik.az xəbər verir ki, bu fikirlkəri təhsil eksperti Kamran Əsədov valideynlərdən qızıl hədiyyə qəbul edən və buna görə də töhmət alan müəllim barədə danışarkən deyib. O bildirib ki, müəllim dövlət qulluqçusu deyil, əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənir. Hədiyyənin təzyiq vasitəsi olmadığı, qiymətləndirməyə təsir etmədiyi, sadəcə təşəkkür xarakterli olduğu halda bu məsələnin intizam məsuliyyəti kimi təqdim olunması qərəz və qanunsuzluqdur:
“Əmək Məcəlləsinin 186-cı maddəsi deyir ki, töhmət yalnız əmək vəzifəsinin pozulması ilə verilir. Dərs olmayıb, iş günü olmayıb, vəzifə öhdəliyi olmayıb. Bəs nəyə görə cəza?
Müəllimləri qorumaq əvəzinə, onları özəl təşəbbüslərinə görə cəzalandırmaq bu cəmiyyətə nə qazandırır?
Müəllimə təşəkkürə görə cəza vermək – təhsilə biganəlikdir. Biz bu yanaşma ilə təhsili inkişaf etdirə bilmərik.
Bu qədər müəllimin üstünə getmək, ona təzyiq etmək, hər addımda günahkar çıxarmaq olmaz. Onlar aylıq 300–500 manat maaşla sizin övladlarınıza həyat öyrədir. Bu insanlara nəinki cəza, əksinə, dəyər və qayğı göstərmək lazımdır. Bezdirib bu peşədən uzaqlaşdırmaq yox, ruhlandırmaq lazımdır”.
Tribunainfo.az