BAKI, 10 iyun. TELEQRAF
Livan Baş naziri Nəvaf Salam dövlətin bütün ərazilər və ölkədəki bütün silahlı qüvvələr üzərində nəzarətini genişləndirmək səylərini təsdiqləyib.
Teleqraf xəbər verir ki, hökumət başçısı bu yöndə işlərin davam etdiriləcəyini deyib.
“Livan dövləti ölkənin cənubunda (“Hizbullah”a məxsus – red.) 500-dən çox hərbi obyektin sökülməsinə nail olub”, - N.Salam vurğulayıb.
Xatırladaq ki, Livanın cənubu əvvəllər İsrail ordusu ilə qarşıdurmada olan “Hizbullah” və onu dəstəkləyən İran üçün qala hesab olunurdu. Toqquşma ötən ilin sonlarında təşkilatın bölgədəki infrastrukturunun sökülməsi, “Hizbullah”ın Litani çayının şimalına çəkilməsini və bölgədə Livan ordunun yerləşdirilməsini nəzərdə tutan atəşkəs razılaşması ilə başa çatıb.
“Hizbullah”ın verdiyi ağır itkilərdən sonra 2024-cü il noyabrın 27-də qüvvəyə minən sazişdə İsrail qüvvələrinin bütün cənub bölgələrindən tamamilə çıxarılması da nəzərdə tutulurdu. Amma İsrail iki ölkə arasındakı sərhədə baxan strateji yüksəklikdəki beş obyektə nəzarəti saxlayıb.
İsrailin bölgədən tamamilə çəkilməsi üçün Livan hökumətindən əsas tələbi “Hizbullah”ın tərksilah edilməsi ilə əlaqəlidir. Livan Prezidenti Cozef Aun təşkilatın tərksilah ediləcəyini, bu barədə “Hizbullah”la hökumət arasında razılaşmanın əldə olunduğunu açıqlasa da, hələlik bu yöndə praktiki addımlar atılmayıb.