Finss.az - 2024-cü ildə Azərbaycanda fəaliyyət göstərən auditor təşkilatları və sərbəst auditorlar ümumilikdə 153,4 milyon manat dəyərində 7 193 müqavilə imzalayıb.
Bu göstəricilər Auditorlar Palatasının dərc etdiyi son statistik hesabatda yer alıb.
Müqayisəli təhlil göstərir ki, audit bazarında müqavilələrin ümumi dəyəri 2023-cü illə müqayisədə 15,2 % artıb, müqavilələrin sayı isə 0,5 % azalıb. Beləliklə, ötən il hər bir audit müqaviləsinin orta dəyəri 21,3 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 15,8 % artım deməkdir.
“Böyük Dördlük” mövqeyini gücləndirir
Beynəlxalq miqyasda tanınan “Böyük Dördlük” auditor şirkətləri – “Deloitte”, “PricewaterhouseCoopers”, “Ernst & Young” və “KPMG” – Azərbaycan audit bazarındakı təsirini daha da artırıb. 2024-cü ildə bu şirkətlərin bağladığı müqavilələr:
-
Ümumi məbləğ baxımından 64,1 % paya sahib olub – bu göstərici ötən ilə nisbətən 4,8 faiz bəndi artım deməkdir.
-
Müqavilələrin sayına görə isə 15,1 % paya malikdir – bu da 1,3 faiz bəndi artım göstərir.
Bu rəqəmlər göstərir ki, iri beynəlxalq audit şirkətləri yerli bazarda etimad qazandıqca, onların xidmətlərinə olan tələbat artır.
Yerinə yetirilmiş müqavilələrdə də artım var
2024-cü il ərzində imzalanan müqavilələrin 6 353-ü (yəni 88%-dən çoxu) artıq icra olunub. Bu müqavilələrin ümumi dəyəri 117,9 milyon manat təşkil edib. Yerinə yetirilmiş müqavilələrin sayı 2023-cü illə müqayisədə 0,7 % azalsa da, ümumi dəyər 23,8 % artıb.
Orta hesabla 2024-cü ildə yerinə yetirilmiş bir audit müqaviləsinin dəyəri 18,5 min manat olub – bu isə 24,2 % artım deməkdir.