Baş nazirin sözlərinə görə, Daxili Təhlükəsizlik Agentliyi seçkilərdə "Seçkilərin Müdafiəsi Hərəkatı" tərəfindən təbliğ edilən və səsvermədə istifadə olunmuş, lakin qanunla təsdiqlənməmiş açıq vərəqə yoxlama tətbiqi ilə bağlı Prokurorluğa məlumat verib. Tusk bildirib ki, bu tətbiqin seçkilərdə istifadəsinə görə üç aydan beş ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.
Seçkilərin ikinci turundan əvvəl kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə seçki məntəqəsi komissiya üzvlərinin açıq vərəqələrin yoxlanılması üçün qanunsuz tətbiqdən istifadə etdiyi barədə məlumatlar yayılmışdı. Dövlət Seçki Komissiyası isə bu barədə heç bir şikayətin daxil olmadığını açıqlamışdı. Sözügedən tətbiq "Seçkilərin Müdafiəsi Hərəkatı" tərəfindən hazırlanmışdı. Bu hərəkat Polşanın müxalif "Hüquq və Ədalət" partiyasının namizədi Karol Navrotskinin seçki qərargahının təşəbbüsü ilə yaradılmışdı.
Polşada prezident seçkilərinin ikinci turu 1 iyun tarixində keçirilib. Səsvermənin nəticələrinə əsasən, Navrotski 50,89% səs toplayaraq qalib gəlib. Onun rəqibi Varşava meri Rafal Tşaskovski isə təxminən 370 min səs az alıb. OBSE müşahidə missiyası seçkilərdə ciddi pozuntular aşkar etməyib və seçki komissiyalarının yüksək peşəkarlığını qeyd edib. Polşanın Ali Məhkəməsi isə daxil olmuş şikayətləri araşdırdıqdan sonra nəticələri 30 gün ərzində təsdiqləməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31