AZ

Mağazada  sınan məhsula görə kim məsuliyyət daşıyır? – Hüquqşünas açıqladı

Diqqətsizlik və ya sadəcə təsadüf nəticəsində mağazada gəzərkən vitrində olan məhsulu sındıra bilərik. Bu məsələ yalnız maddi zərərin ödənilməsi nöqteyi-nəzərindən deyil, həm də istehlakçı hüquqlarının qorunması baxımından olduqca əhəmiyyətlidir. Azərbaycan Respublikasının “İstehlakçıların hüquqları haqqında” və “Mülki Məcəllə” qanunvericiliyində satıcı, istehsalçı və alıcının cavabdehliyi aydın şəkildə müəyyən edilib. Lakin mağaza daxilində vitrinin sabitliyindən, məhsulun düzgün yerləşdirilməsindən, eləcə də alıcının ehtiyatsız hərəkətindən asılı olaraq zərərin məsuliyyəti müxtəlif tərəflərə aid edilə bilər. Marketlərdə sınan məhsullara görə kim məsuliyyət daşıyır?
Moderator.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, mağazada məhsulun zədələnməsi və ya sındırılması hallarında məsuliyyətin kimə aid olduğu Azərbaycan qanunvericiliyi, istehlakçı hüquqları və mülki hüquq normaları ilə tənzimlənir. Onun sözlərinə görə,  mağazada hər hansı bir məhsul sınarsa, bununla bağlı müştəri məhsulun onun tərəfindən sındırılmadığı  və yaxud da ki, məhsulun  düzgün yerləşdirilmədiyi qənaətindədirsə, bununla bağlı öz etirazını bildirə bilər:
“Qanuna əsasən hazırda demək olar ki, bütün pərakəndə satış məntəqələrində mağazanın içərisində nəzarət kameraları (CCTV) quraşdırılmışdır. Mağaza sahibi və ya onun işçiləri vitrindəki məhsulları yerləşdirərkən onların sabit və təhlükəsiz vəziyyətdə olmasına cavabdehdirlər. Əgər məhsullar natamam və qeyri-stabil şəraitdə yerləşdirilibsə, bu zaman hər hansı bir kənar təsir olmadan məhsulun düşüb sınarsa, məsuliyyət birbaşa mağaza sahibinin (marketin) üzərinə düşür. Əksinə, əgər kamerada aydın olarsa ki, məhsul müştəri vitrindən götürüb baxarkən onun əlindən düşüb sınmışdır, yəni mağaza tərəfindən heç bir qəza və ya ehtiyatsızlıq olmayıb, bu zaman məsuliyyət müştərinin üzərinə düşür.
Müştəri vitrinə qoyulmuş əşyanı götürüb əlinə aldısa, məntiqi olaraq həmin andan etibarən məhsulun fiziki intizamını qorumaq məcburiyyəti müştərinin üzərinə keçir. Bu o deməkdir ki, əgər əlində saxladığı məhsulu vitrinə qoyursa və bu zaman xəta baş verərsə, sınma hallarına görə müştəri cavabdeh sayılır”.
 
Mehin Mehmanqızı
 
Seçilən
76
moderator.az

1Mənbələr