Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin Rusiya-Ukrayna münaqişəsini Ermənistan-Azərbaycan münaqişəsi, xüsusən də Qarabağla eyniləşdirməsi Kremlin beynəlxalq hüquqa olan münasibətini orta qoymuş oldu. Onun bu açıqlaması beynəlxalq aləmə mesaj verdi ki, Moskva üçün beynəlxalq hüquq anlayışı yoxdur. Moskva üçün beynəlxalq anlayış Rusiyanın imperiya maraqlarıdır. Bu imperiya maraqlarını təmin etmək üçün istənilən vasitədən istifadə etməyə hazırdır.
Əgər belə olmasaydı o zaman Kreml rəsmisi bir-birindən tamamilə fərqli münaqişə arasında paralellik apararaq belə bir fikir səsləndirməzdi.
Birincisi, Ermənistan-Azərbaycan münaqişəsi Ermənistanın və onun havadarlarının, o cümlədən Rusiyanın da iştirakı ilə Azərbaycan torpaqlarını işğal edilməsinin nəticəsində yaranıb. Rusiyanın siyasi, mənəvi və hərbi dəstəyi olmasaydı Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi qeyri-mümkün idi. Bununla bağlı yetərincə faktlar mövcuddur. Hətta Azərbaycan dövlət başçısı bir neçə dəfə bunu açıq şəkildə ictimaiyyətə bəyan edib. Digər tərəfdən Moskva özü də bunu etiraf edir.
Rusiya xarici işlər naziri Sergey Lavrov mayın 21-də İrəvan da açıq şəkildə bəyan etdi ki, Ermənistan Azərbaycan torpaqlaırnə rus silahları ilə işğal edib.
Azərbaycanla Ukrayna arasında yalnız bir məsələdə paralellik aparmaq olar. Bu da ondan ibarətdir ki, hər iki ölkənin beynəlxalq hüquqla tanınan əraziləri işğala məruz qalıb. Hər hansı ölkənin ərazisini işğal etməyiblər.
İkincisi, Ermənistanın işğal faktına baxmayaraq, Qarabağ dünya ölkələri tərəfindən Azərbaycanın beynəlxalq hüquqi ərazisi kimi qəbul edilib. Hətta münaqişənin həllində vasitəçi rol oynayan ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiya, Fransa və ABŞ belə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan hər hansı mövqe sərgiləməyib. Rusiya prezidenti Vladimir Putin belə son illərdə Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütvölüyünü tanıdğını bəyan edib.
Üçüncüsü, Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanı ağır məğlubiyyətə uğradaraq ərazi bütövlüyünü, 2023-cü ildə antiterror əməliyyatı zamanı isə ölkə ərazisində tam suveren hüququnu bərpa edib. Bununla da Qarabağ məsələsinə nöqtə qoyulub. Artıq 5 ildir ki, beynəlxalq aləmin gündəliyində Qarabağ adlı problem də yoxdur. Beynəlxalq aləmin gündəliyində İrəvanla Bakı arasında sülh sazişinin imzalanması məsələsi var və sülh gündəliyində də olan bütün məsələlərlə bağlı hər iki tərəfin razılığı mövcuddur. Xaricdən qidalanan bəzi revanşist qüvvələri nəzərə almasaq, rəsmi İrəvan da Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir.
Hazırda sadəcə olaraq bölgədə dayanıqlı sülhə xidmət edəcək məsələlərin həlli istiqamətində işlər getməkdədir.
Bütün bu və digər amillər onu sübut edir ki, RF prezidentinin köməkçisi Medinskinin açıqlaması cəfəng və absurddur. Bu ya Medinskinin beynəlxalq hüququ bilməzliyindən, savadsızlığından irəli gəlir, ya imperiya düşüncəsinin beynəlxalq hüquqa hayqırısından, ya da Azərbaycanın öz gücünə belə mürəkkəb münaqişəni həll edə bilməsini həzm edə bilməməsindən irəli gəlir. Medinski belə bir fikir səsləndirməzdən öncə düşünməliydi ki, Rusiya özü Ermənistan-Azərbaycan münaqişəsinin həllində beynəlxalq vasitəçilərdən biri olub.
Medinskinin bu mesajının arxasında digər məqamlar da dayanır:
- Kremlin dünyanı təhdid etməsi. Belə ki, Moskva Ukrayna məsələsində geri çəkilmək niyyətində deyil. Qərbə hədə-qorxu gəlməklə mesaj verir ki, lazım gələrsə nüvə silahından da istifadə edəcək.
- Ukraynanın və Qərbin rus ordusunun işğal etdiyi ərazilərlə barışaraq, bu əraziləri Rusiyanın ərazisi kimi tanınması...
- Ukraynanın NATO üzvü olmaması. Moskvanı narahat edən odur ki, atəşkəs və əldə edilən sülh nəticəsində Kiyev Rusiyanın işğal etdiyi ərazilərlə barışmaya bilər. Zaman keçdikdən sonra Ukrayna güclənib, güclü ordu formalaşdırdıqdan sonra yenidən bu ərazilərə iddia ilə çıxış edə bilər.
Təbii ki, ədalətli sülh olmasa, rus ordusu nəzəri cəhətdən Ukraynanın bütün ərazisi işğal etsə belə, Kiyevin Rusiyanın işğal faktını qəbul etməsi qeyri-mümkün görünür.
- Kreml Prezident İlham Əliyevin uğurlu diplomatik gedişi nəticəsində Ermənistan-Azərbaycan münaqişəsini Rusiyanın, həm də digər vasitəçilərin monopoliyasından çıxararaq birbaşa ikitərəfli formata keçirməsini həzm edə bilmir. Beynəlxalq aləm də gördü ki, ikitərəfli formatda tərəflər sülh istiqamətində daha çox irəliləyişlər və uğurlar əldə edib. Məhz ikitərəfli formatda keçirilən danışıqlar nəticəsində İrəvanla Bakı sülh sazişi layihəsindəki bütün 17 məsələ ətrafında razılıq əldə edib və digər əsas məsələlərdə, Konstitusiya və ATƏT MQ-nin buraxılmasında ümumi razılıq mövcuddur. Kreml Bakının uğurlu diplomatik gedişi nəticəsində bölgədəki təsir imkanlarından məhrum olması ilə barışa bilmir. Son bir ildə Kremlin Bakıya olan qəzəbinin kökündə bu dayanır.
- Bakının Ankara ilə Qərb-Şərq oxu üzərində uğurlu əməkdaşlığı Azərbaycanın nəinki Cənubi Qafqazda, bütövlükdə Avrasiya coğrafiyasında daha geniş ərazidə geosiyasi mövqeyini möhkəmləndirməkdədir. Bakının geosiyasi mövqeyinin möhkəmlənməsi və regional proseslərdə aktiv oyunçu rolunda çıxış etməsi nəticə etibarilə Moskvanın Gürcüstan və Ermənistana da təsirlərinin azaldılmasında xüsusi rol oynayır.
- Bakının Kiyevlə Moskva arasındakı münaqişəsinin Ukraynanın beynəlxalq hüquqla tanınan ərazi bütövlüyü çərçivəsində həlinin tərəfdarı olması və digər MDB ölkələrindən fərqli olaraq sıx təmasda olmasıdır. Bu isə o deməkdir ki, Bakı Rusiyanın Ukraynaya qarşı işğalını qəbul etmir və Kiyevə də dəstəyini əsirgəmir. Rusiya-Ukrayna müharibəsi dövründə Bakı Kiyevə 40 milyon dollardan artıq birbaşa yardım edib, bərpa-quruculuq işlərində iştirak edib. Bundan sonra da Ukraynanın bərpa-quruculuq işlərində iştirak edəcəyinə hazır olduğunu bəyan edib.
Bütün bunlar da təbii ki, Moskvanın qıcığına səbəb olur və ona görə də bəzən Kreml rəsmiləri səlahiyyətlərinə uyğun olmayan - Rusiyanın milli maraqlarına, Bakı-Moskva münasibətlərinə xələl gətirməyə çalışırlar. Medinskilər unudurlar ki, Rusiyanın üzləşdiyi mövcud vəziyyətdə Moskvanın Bakıya daha çox ehtiyacı var. Belə şəxslərin savadsız açıqlamalarından itirən tərəf daha çox Moskvadır.
Mürtəza
Ölkə.az