AZ

GÖZLƏNİLMƏZ TƏKLİF: Bu ərazilərdə yaşayan şəxslərin KOMMUNAL XƏRCLƏRİ AZALDILACAQ? 

Bakıda getdikcə artan problemlərdən biri də insan sıxlığı və hərəkət məhdudiyyətidir. Bunun əsas səbəblərindən biri də paytaxta bölgələrdən kütləvi axının olmasıdır. İnsanların şəhərə üz tutmasının kökündə  isə evsizlik və işsizlik kimi aktual problemlər dayanır. Xüsusilə, ipoteka krediti ilə ev almaq üçün regionlardan Bakıya üz tutan əhalinin faiz göstəricisi yüksəkdir.


Bəs insanları regionlarda həyata cəlb etmək üçün hansı addımlar atıla bilər?


Milli Məclisin deputatı Fazil Mustafa “Referans”-a açıqlamasında bu problemin həlli yollarından danışıb.




“Bununla bağlı dəfələrlə məsələ qaldırmışıq. Bu məsələ ilə bağlı birinci növbədə kommunal xərclərə baxılmalıdır və bu istiqamətdə işlər görülməlidir. Rayonlarda kommunal xərclər azaldılmalıdır ki, insanlar oraya rahatlıqla gedə bilsin. İkinci əsas məsələ isə iş yerləri məsələsinin həllini tapmasıdır. Regionlarda sosial, mədəni mühit yaradılmalıdır”.

 

Deputat bildirib ki, paytaxtda əhalinin çoxluğu, “maraqlı həyat” hər kəsi bura gəlməkdə maraqlı edir.

 

“Əslində, təbiət qoynunda daha sağlam və maraqlı həyat yaşamaq mümkündür. Lakin insanlar bunun  yolunu bilmir. Həmçinin maddi problemlər də onlara belə həyat yaşamaq üçün elə də imkan yaratmır. Buna görə də ilk növbədə insanları buna təşviq etmək lazımdır. Bu da onların maddi rifah halının yaxşılaşdırılması ilə mümkün ola bilər. Bunun üçün də dəstək şərtdir”.

 

Fidan Vəlisoy 

Seçilən
21
referans.az

1Mənbələr