AZ

Hövsanda bir aydır binaya isti su gəlmir

Hövsan qəsəbəsində yerləşən binada isti suyun verilişi bir aydır dayandırılıb. Bu barədə Metbuat.az-ın qaynar xəttinə şikayət daxil olub. Belə ki, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 41 ünvanında, 9 mərtəbəli 14B binasında yaşayan Aysel Nadirova bildirib ki, mayın 11-dən bəri heç bir borc olmadığı halda mənzilə gələn isti su təchizatı dayandırılıb. Şikayətçi qeyd edib ki, kommunal borcları tam şəkildə ödənilib: "Bizim heç bir borcumuz yoxdur, bütün ödənişlər vaxtında aparılır. Lakin xidmət göstərən qurumla əlaqə saxladıqda bildirirlər ki, binada ümumi borc olduğuna görə suyun verilişi dayandırılıb. Mənim həmin binadakı digər kirayəçilərlə və qonşularla heç bir qohumluğum yoxdur. Onların borcuna görə niyə mənim hüquqlarım pozulmalıdır?” Problemlə bağlı “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı ilə əlaqə saxladıq. Təəssüf ki, bizə verilən cavab da fərqli olmadı: “Həmin binanın ödəniş problem var. Bina sakinləri ilə borcları etmələri üçün danışıqlar aparılır. Ödənişlər artdıqdan sonra binaya isti suyun verilməsi bərpa olunacaq”. Qeyd edək ki, problem hələ də mövcudluğunu qoruyur.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
55
1
metbuat.az

2Mənbələr