İsrail ordusunun hücumları nəticəsində Qəzza zolağında yerləşən məktəb və universitet binalarının böyük əksəriyyəti ya tamamilə dağıdılıb, ya da ciddi şəkildə zədələnib. AzPost Qəzzada məktəblərin 90%-dən çoxu dağıdılıbxəbər verir ki, bu barədə BMT-nin Müstəqil Beynəlxalq Təhqiqat Komissiyasının işğal olunmuş Fələstin ərazisi üzrə hazırladığı son hesabatda qeyd olunub.
Sənəddə bildirilir ki, “İsrailin hava zərbələri, artilleriya atəşləri və partlayışlar nəticəsində Qəzzadakı təhsil infrastrukturu demək olar ki, məhv edilib”. Komissiyanın rəsmi məlumatına görə, təhsil müəssisələrinin 90 faizindən çoxu ya dağıdılıb, ya da istifadəyə yararsız vəziyyətə düşüb.
Bununla yanaşı, komissiya 658 mindən çox uşağın artıq 20 aydır məktəbə gedə bilmədiyini açıqlayıb. Bu, bölgədəki uşaqların təhsildən kütləvi şəkildə uzaq düşdüyünü göstərir.
Hesabatda diqqət çəkən digər məqam isə İsrail ordusunun bəzi təhsil müəssisələrində “qəsdən və əsassız” yanğınlar törətməsi ilə bağlı sənədləşdirilmiş faktlardır. Bu hallar komissiya tərəfindən ayrıca araşdırılıb və müvafiq hüquqi qiymətləndirilməyə təqdim edilib.
Komissiyanın gəldiyi qənaətə görə, bu addımlar Fələstin əhalisinin təhsilə çıxışını uzunmüddətli dövrdə məhdudlaşdırmaq məqsədi daşıyır. Hesabatda qeyd olunur ki, bu niyyət Qəzzada gələcək nəsillərin təhsil imkanlarının sistemli şəkildə sıradan çıxarılması kimi dəyərləndirilə bilər.
Hazırkı vəziyyət beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur və BMT-yə üzv dövlətlərdən bu istiqamətdə konkret addımlar atılması tələb olunur.