AZ

Türküstan şəhərində “Divani Lüğət it-Türk” adlı beynəlxalq sərginin açılış mərasimi keçirilib

BAKI, TurkicWorld

10 iyun, 2025-ci il tarixində Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetində (Türküstan şəh., Qazaxıstan) Türk Mədəniyyəti və İrsi Fondunun və Türküstan vilayəti Akiminin birgə əməkdaşlığı ilə təşkil edilən “Türk Dünyasının Memarları və Bərpaçıları” II Beynəlxalq Simpoziumu çərçivəsində “Divani Lüğət it-Türk” adlı Beynəlxalq Sərginin təntənəli açılış mərasimi keçirilib.

TurkicWorld xəbər verir ki, sərgi XI əsrin görkəmli türk alimi və mütəfəkkiri Mahmud Kaşğarinin müəllifi olduğu məşhur ümumtürk ensiklopediyası “Divani Lüğət it-Türk” əsərinin yazılmasının 950 illiyinə həsr olunub. Tədbirin bədii hissəsində türk xalqlarının mənəvi birliyini və mədəni irsini əks etdirən “Мың заман – бір Түркістан” adlı musiqili kompozisiya təqdim edilib.

“Divani Lüğət it-Türk” ensiklopedik əsəri dilçilik, tarix, ədəbiyyat, incəsənət, etnoqrafiya, minerologiya, kimya, botanika, coğrafiya, biologiya, zoologiya və digər sahələri əhatə edən unikal məlumatları özündə birləşdirir. Bu əsər türk mədəni irsinin zənginliyi və dərinliyinin mühüm sübutlarından biri kimi qəbul edilir.

Qeyd edilməlidir ki, “Divani Lüğət it-Türk” əsərinin yazılmasının 950 illiyi münasibətilə Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Qazaxıstanda, Qırğızıstanda və Türkiyədə sərgilər artıq təşkil olunub. Gələcəkdə isə zəngin türk mədəni irsinin beynəlxalq arenada təbliği və tanıdılması məqsədilə bu sərginin həm türk ölkələrində, həm də xarici ölkələrdə açılması planlaşdırılır.

Seçilən
79
turkic.world

1Mənbələr