Əli Orucov: “Başlıca məqsəd məhkəmələri qaralayıb buna siyasi don geyindirməkdir”
Məlum olduğu kimi, neçə vaxtdır Bakıda Qarabağ separatçılarının məhkəmə prosesi gedir. Məhkəmə prosesi başlayandan erməni mediası və revanşist mövqedən çıxış edən dairələr məhkəməni gözdən salmağa çalışırlar. Bununla bağlı müxtəlif uydurmalarla çıxış edirlər.
Bu arada Ermənistan parlamentinin üzvü Tiqran Abramyan erməni mediasına açıqlamasında bildirib ki, guya ittiham edilən David İşxanyanla bağlı bəzi məqamlar ortaya çıxıb: “Məhkəmədə İşxanyan xatırladıb ki, əvvəlki görüşlərin birində o, mayın 24-ü və 26-na olan "məhkəmə iclaslarının" protokolları ilə tanış olmaq istədiyini bildirib. Lakin hakim bundan yayınıb”.
Onun sözlərinə görə, bu fakt diqqətə layiqdir, çünki Azərbaycanda erməni məhbusların bütün məhkəmə prosesləri ifadədən tutmuş tərcümələrə qədər həddindən artıq sayda saxtalaşdırmalarla müşayiət olunur. Guya məhkəmə proseslərinin bir neçə iştirakçısı öz ailələrinə məhkəmələrin gedişi ilə bağlı Azərbaycan mətbuatında dərc olunan məlumatların həqiqətə uyğun olmadığını bildirib. Guya məhkəmədə separatçılara öz hüquqlarını müdafiə etmək üçün şərait yaradılmır və s.
Bütün hallarda, deyilənlər və iddialar nə dərəcədə realdır?
“Yekun məqsəd beynəlxalq təzyiqlər hesabına separatçıları azad etməkdir”
Sözügedən məsələyə aydınlıq gətirən AMİP funksioneri Əli Orucov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu kimi iddiaların heç bir əsası yoxdur: “Əvvəla, Ermənistan tərəfi hələ məhkəmə prosesi başlamazdan əvvəl separatçılarla bağlı müxtəlif uydurmalarla çıxış edirdi. Erməni mediası iddia edirdi ki, guya istintaq prosesində separatçılara işgəncə verilir, onlara psixotrop maddələr verilir və s. Halbuki, bütün bu deyilənləri təsdiq edən bircə fakt belə ortaya qoya bilmədilər. Ən azından o canilərin sağlamlığı, özlərini necə gümrah hiss etmələri göz qabağındadır. İndi də yeni yalan ortaya atıblar ki, guya separatçıların verdiyi ifadələr düzgün tərcümə edilmir, ifadələr təhrif olunur və s. İfadələr necə təhrif oluna bilər ki, onların səs yazıları var və bütün bunlar protokollaşdırılır. Daha sonra arxivləşdirilir. Erməni tərəfinin separatçılarla bağlı belə uydurmalarla çıxış etməsinin, yalan məlumatlar yaymalarının bir neçə məqsədi var. Başlıca məqsəd odur ki, Azərbaycanı və məhkəmələri qaralayıb buna siyasi don geyindirsinlər. Guya məhkəmə onların cinayət əməllərini ortaya çıxartmaq üçün yox, bundan siyasi məqsədlər üçün istifadə etməkdən ötrü keçirilir. Bu minvalla beynəlxalq müstəvidə Azərbaycana qarşı təzyiqlərə nail olmaq istəyirlər. Yekun məqsəd beynəlxalq təzyiqlər hesabına separatçıları azad etməkdir. Qaralama kampaniyasının əsas strateji məqsədi budur. Bununla işğal dövründə törədilən çoxsaylı cinayətləri, vandalizm aktlarını ört-basdır etmək istəyirlər. Çünki separatçıların mühakiməsi Ermənistanın bir sıra cinayətlərini ortaya çıxarır. Sübut olunur ki, Azərbaycan ərazilərini Qarabağdakı bir ovuc erməni yox, bilavasitə Ermənistan işğal edib. Ermənistanın da arxasında müəyyən havadarlar dayanıb. Bax, bütün bunlar erməni tərəfini ciddi narahat edir”.
Vidadi ORDAHALLI