AZ

Muğam münsifləri gənc iddiaçılarla “muzdur, kölə kimi davranır” - yolverilməz...


Xəyalə Rəis:“Sosial mediada və ictimai müzakirələrdə Muğam Müsabiqəsində bəzi münsiflərin davranışları ətrafında yaranan narahatlıq insanın içindəki o musiqiyə olan hörmət hissini belə zədələyir”

İstənilən müsabiqə, yarışma istedadlı insanları üzə çıxarmaq üçün keçirilir. Şübhəsiz, müsabiqənin uğurlu alınmasının əsas şərtlərindən biri məhz müsabiqənin münsiflər heyəti üzvlərinin peşəkarlığı, obyektivliyi, düzgün seçim etmək qabiliyyəti, başlıcası isə etik davranış qaydalarına əməl etməsidir ki, sonuncu keyfiyyəti biz bəzi şəxslərdə görmürük.

IX Televiziya Muğam Müsabiqəsi artıq bir neçə həftədir davam edir və müsabiqəyə kifayət qədər istedadlı gənclər qatılıb.

Məsələ burasındadır ki, Muğam Müsabiqəsində təmsil olunan münsiflərdən bəzilərinin davranışları ciddi tənqid olunur. Onların bəziləri özlərini hədsiz dərəcədə sərbəst, yekəxana aparır. Müsabiqəyə çıxan iştirakçıları hətta təhqir edib aşağılayırlar da. Özlərini ağsaqqal, pedaqoq kimi aparmaq əvəzinə bəziləri çox aqressiv davranır.

Muğam Müsabiqəsinin münsiflər heyətinə üzv olanların bəzilərinin hədsiz eqoistliyi, sərbəstliyi, kobudluğu, müsabiqə iştirakçılarına təhqiramiz davranışları, aşağılayıcı tonu müşahidə edilir. Bunun səbəbi nədir? Bu nə dərəcədə doğru sayıla bilər. Çünki belə xarakter və davranış onlara əsl pedoqoq, əsl münsif olmağa imkan vermir. Cəmiyyətdə belə bir fikir var ki, “müəllim belə olmaz, heç kimi aşağılamaz”.

Qeyd edək ki, sözügedən müsabiqənin münsiflər heyətinin üzvləri arasında Xalq artistləri Arif Babayev, Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Səkinə İsmayılova, Sərdar Fərəcov, Vamiq Məmmədəliyev, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi təmsil olunur.

“Bu gün bəzi müsabiqələrdə münsif kürsüsündə əyləşənlər özlərini sanki bir “hakimiyyətin sahibi”, “ağsaqqal” və ya “tənqid ustası” kimi aparır”

Mədəniyyət araşdırmaçısı, sənətşünas Xəyalə Rəis “Bakı-Xəbər”ə bildirdi ki, musiqi bir mədəniyyətin ruhudur: “Muğam isə bizim milli kimliyimizin, ruhumuzun ən incə qatlarını ifadə edən bənzərsiz bir sənət formasıdır. Amma son günlər sosial mediada və ictimai müzakirələrdə Muğam Müsabiqəsində bəzi münsiflərin davranışları ətrafında yaranan narahatlıq insanın içindəki o musiqiyə olan hörmət hissini belə zədələyir. Çünki söhbət artıq sadəcə sənətdən yox, insanlıqdan, etikadan və pedaqoji yanaşmadan gedir.

Münsif seçim edən, ədalətlə ölçüb-biçən, tərəzisi vicdanla tarazlanan şəxsdir. Amma təəssüf ki, bu gün bəzi müsabiqələrdə münsif kürsüsündə əyləşənlər özlərini sanki bir “hakimiyyətin sahibi”, “ağsaqqal” və ya “tənqid ustası” kimi aparır. Onların danışıq tərzində aqressiya, davranışlarında eqoizm, rəftarlarında isə sərhədsiz bir sərbəstlik var. Bu, sadəcə münsiflik mədəniyyətinə deyil, ümumilikdə pedaqoji etikaya və insanlığa ziddir”.

X.Rəisin sözlərinə görə, təəssüf doğuran məqam isə odur ki, bəzi tanınmış sənət adamları, pedaqoqlar adına yaraşmayan şəkildə çıxış edərək, gənc ifaçıları təhqir edir, sarkazm və alçaldıcı tonla danışırlar: “Gənc bir ifaçı səhnəyə çıxanda onun ən çox ehtiyac duyduğu şey nədir? Qorxusunu yenmək üçün mənəvi dəstək, motivasiya və ruhlandırıcı sözlər. Amma bəzən onun qarşısında “münsif” deyil, sanki qəddar bir psixoloji baryer dayanır.

Sənət adamı nə qədər böyük istedada sahib olursa-olsun, əgər şəxsiyyətində təvazökarlıq daşımırsa, bu istedad sənəti ucalda bilməz. Təəssüf ki, bəzi münsiflər sanki özlərini artıq sənətin fövqündə görürlər. Onlar üçün səhnə öz eqolarını nümayiş etdirmək üçün bir vasitəyə çevrilib. İştirakçını dinləmək əvəzinə onu “məhkəməyə çəkmək”, sənətkarcasına məsləhət vermək əvəzinə “danlamaq” yolu seçilir. Halbuki, pedaqoji yanaşma tələb edir ki, müəllim, ustad, münsif - kim olur olsun, qarşısındakı insana hörmətlə, anlayışla, səbr və mərhəmətlə yanaşsın.

Əgər sən gənc bir ifaçının qəlbini sındırırsansa, deməli onun sənətini öldürürsən. Və bu artıq sadəcə kobudluq deyil, həm də bir növ mənəvi cinayətdir.

Münsif mədəniyyəti və cəmiyyətin gözləntisi

Cəmiyyət bir münsifdən nə gözləyir? Peşəkarlıq, obyektivlik və tərbiyə. Biz artıq o dövrdə yaşamırıq ki, “ustad acı danışar, amma düz deyər” kimi arqumentlərlə kobudluqlar gözardı edilsin. Bu gün mədəniyyət, təhsil və pedaqogika etika üzərində qurulmalıdır. Hətta ən sərt tənqid belə insani və motivasiyaedici şəkildə ifadə oluna bilər”-deyə ekspert bildirdi.

X.Rəisin sözlərinə görə, əgər bir münsif özünü idarə edə bilmirsə, onun sərhədsiz sərbəstliyi, emosional təhqirləri və yekəxanalığı artıq şəxsi keyfiyyət deyil, peşəkar uyğunsuzluqdur: “Çünki belə davranışlar digər ifaçılara da mənfi təsir göstərə, onları sənətdən soyuda bilər.

Muğam bizim mənəvi xəzinəmizdirsə, bu xəzinənin qoruyucuları da ləyaqətli, səliqəli, pedaqoji və insani davranışlarla seçilməlidirlər. Əks halda, biz təkcə sənətkar yox, həm də insaniyyət itirəcəyik”.

İradə SARIYEVA

Seçilən
39
baki-xeber.com

1Mənbələr