Ilyas Hüseynov: “Bu gün Paşinyan riyakarlıq edir, təbrik adı altında öz simasını gizlədir”
Məlum olduğu kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanı Qurban bayramı münasibətilə təbrik edib. Paşinyan bu barədə “X” hesabında paylaşım edib. Paylaşımda qeyd edilir: “Azərbaycan Respublikası və xalqını Qurban bayramı münasibətilə təbrik edirəm. Ölkələrimizə və xalqlarımıza sülh və firavanlıq arzu edirəm”.
Qeyd edək ki, Paşinyan ilk dəfə idi Azərbaycan xalqını, ölkəmizi Qurban bayramı münasibətilə təbrik etdi. Maraqlıdır, onun bu təbrikinin arxasında nə durur? İndiyə kimi niyə təbrik etmirdi?
“Bu cür pafoslu çıxışlar, özünü göstərmək kimi fikirlər səmimiyyətdən xəbərvermir, yaxşı olar ki, Ermənistanın baş naziri Azərbaycanın tələblərinə əməl etsin”
Siyasi şərhçi İlyas Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistanın baş naziri Paşinyanın Azərbaycan dövlətini və xalqını Qurban bayramı münasibətilə təbrik etməsi birmənalı qarşılanmır: “Bu təbrik ictimaiyyət arasında fikir ayrılığına səbəb olub. Kimisi düşünür ki, Paşinyan bununla öz xalqını, dövlətini qoruyaraq sülh yolunu seçir, digərləri isə əks mövqedən çıxış edir. Hesab edirəm ki, Paşinyanın Azərbaycan dövlətini Qurban bayramı münasibətilə təbrik etməsi müsbət məqamdır, ancaq unutmaq lazım deyil ki, ölkəmizin tələbləri var. O tələblərin icrası önəmlidir. Belə ki, Ermənistan konstitusiyasının dəyişdirilməsi, ATƏT-in Minsk Qrupunun buraxılması yönündə praktiki addımlar atılmalıdır. Bu addımlar sülh müqaviləsinin imzalanmasına səbəb olmalıdır. Bu cür pafoslu çıxışlar, özünü göstərmək kimi fikirlər səmimiyyətdən xəbərvermir. Yaxşı olar ki, Ermənistanın baş naziri Azərbaycanın tələblərinə əməl etsin, bu istiqamətdə öz fikrini bildirsin. Nəzərə almaq lazımdır ki, biz Paşinyanın ölkəmizə və xalqımıza qarşı etdiyini unutmamışıq. Gəncə, Bərdə, Tərtərin raket atəşinə tutulması, eyni zamanda, Xankəndidə ölkəmizə qarşı çıxışlar, eləcə də Cıdır düzündə yallı gedilməsi kimi faktlar mövcuddur. Bu gün Paşinyan riyakarlıq edir, təbrik adı altında öz simasını gizlədir. Hesab edirəm ki, tələblərimizin yerinə yetirilməsi daha səmimi, sülhə xidmət etmis addım hesab edilər”.
Günel CƏLİLOVA