BAKI, TurkicWorld
Türkiyənin ən böyük zirehli quru vasitəsi ixracında ilk partiya Rumıniyaya göndərilib.
TurkicWorld xəbər verir ki, Türkiyənin müdafiə sənayesi şirkəti Otokar tərəfindən Rumıniya Müdafiə Nazirliyi ilə imzalanmış 1059 ədəd COBRA II 4x4 zirehli nəqliyyat vasitəsinin təchizatına dair müqavilə çərçivəsində ilk avtomobillər Rumıniyaya çatdırılıb.
İxracatın ilk mərhələsində Türkiyədə istehsal olunan 278 COBRA II avtomobilindən ibarət partiyanın Rumıniyaya göndərilməsi həyata keçirilib. Sözügedən avtomobillərin istehsalı Sakarya şəhərindəki Otokar zavodunda baş tutub. Avtomobillərin bəzi alt sistemləri isə Rumıniyada yerli istehsalçılar tərəfindən inteqrasiya olunacaq.
Bu layihə, Türkiyənin quru hərbi platformalar üzrə tarixində imzaladığı ən böyük tək maddəli ixrac müqaviləsidir. Gələcək mərhələlərdə COBRA II modellərinin Rumıniyada istehsalı da planlaşdırılır. Bu məqsədlə Otokar və Rumıniyanın müdafiə sənayesi şirkəti Automecanica S.A. arasında yerli istehsalı həyata keçirmək və sənaye əməkdaşlığını inkişaf etdirmək məqsədilə birgə müəssisə yaradılması üçün razılaşma əldə olunub.
İlk təhvilatın 2025-ci ilin son rübündə başlanması nəzərdə tutulur. Müqavilə çərçivəsində COBRA II-nin personal daşıyıcı, kəşfiyyat maşını, tank əleyhinə vasitə, minaatan və təcili yardım avtomobili də daxil olmaqla 10 fərqli versiyasının hazırlanması planlaşdırılıb.
Qeyd edək ki, bu layihə ilə Rumıniya Avropada Otokar-ın müdafiə həllərindən istifadə edən 9-cu ölkə olacaq.