AZ

Qırğızıstanda “Türk dünyasının Çingiz Aytmatov Gələcəyi” forumu keçirilib

BAKI,TurkicWorld

Qırğızıstanın paytaxtı Bişkekdə, yazıçı Çingiz Aytmatovun vəfatının 17-ci ildönümünə həsr olunmuş “Çingiz Aytmatov, Türk Dünyasının Gələcəyi” forumu keçirilib.

TurkicWorld xəbər verir ki, Qırğızıstan Milli Elmlər Akademiyasının ev sahibliyi ilə təşkil olunan foruma Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Qırğızıstan Elmlər Akademiyası Çingiz Aytmatov Dil və Ədəbiyyat İnstitutu və Ankara mərkəzli Çingiz Aytmatov İnstitutu dəstək verib.

Yazıçının pərəstişkarları, alimlər, dövlət xadimləri, akademiya işçiləri və universitet tələbələrinin iştirak etdiyi forum Manasçı Rısbay İsakovun “Manas” dastanından bir hissə oxuması ilə başlayıb.

Forumun moderatoru, Qırğızıstan Milli Elmlər Akademiyasının Prezidenti professor Kanatbek Abdrahmatov “Çingiz Aytmatov, Türk Dünyasının Gələcəyi” forumuna ev sahibliyi etməkdən məmnun olduğunu bildirib.

Forumda çıxış edən Qırğızıstan Dövlət Katibi Marat İmanqulov hökumətin Çingiz Aytmatovun 100 illik yubileyinə dair planlarından danışıb.

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Qırğızıstana göstərdiyi maraqdan məmnun olduqlarını ifadə edən İmanqulov, beynəlxalq təşkilatların dəstəyi ilə Çingiz Aytmatov tərəfindən 1986-cı ildə ilk dəfə təşkil olunmuş Çingiz Aytmatov Beynəlxalq İssık Göl Forumunun yenidən canlandırılmasının zəruriliyini qeyd edib.

TÜRKSOY Baş Katibi Sultan Raev Türkiyədə yaradılmış Çingiz Aytmatov İnstitutunun ilk fəaliyyətini Aytmatovun vətəni Qırğızıstanda həyata keçirdiyini bildirib.

“Çingiz Aytmatov İnstitutunun yaradılmasında öncül olan qardaş Türkiyənin yaxın tarixində mühüm vəzifələr yerinə yetirmiş, Türk millətinin qüruru MHP Sədri Devlet Bahçeliyə və onun dəyərli yol yoldaşı, TBMM üzvü professor İlyas Topsakala ən səmimi təşəkkür və hörmətimizi bildiririk” – deyə əlavə edib.

Çıxışına MHP Sədri Devlet Bahçeliyə təşəkkürlə başlayan Çingiz Aytmatov İnstitutunun Sədri və MHP Sədr Müavini professor İlyas Topsakal forumun təşkilində əməyi olan qurum və şəxslərə təşəkkür edərək, Çingiz Aytmatovun Türkiyədə necə qəbul edildiyini danışıb.

“Bunu öyrənməyin ən yaxşı yolu, şübhəsiz ki, millətin ruhunu və irfanını qələmə alan şair, yazıçı və mütəfəkkirlərimizi tanımaqdan keçir” – deyə o bildirib.

Qazaxıstan Yazıçılar Birliyinin Sədri Mereke Kulkenov Çingiz Aytmatov İnstitutunun ilk fəaliyyətini Qırğızıstanın paytaxtı Bişkekdə təşkil etməsinin Türk xalqlarının birliyini göstərdiyini bildirib. Kulkenov, Aytmatovun təkcə Qırğız xalqının tarixini deyil, Qazax, Özbək və Azərbaycan xalqlarının da tarixini yazdığını, Aytmatovun əsərlərini oxuyan Türk xalqlarının eyni duyğu və düşüncələrə qapıldığını qeyd edib.

Aytmatovun əsərləri üzərində çoxsaylı tədqiqatlar aparan Özbəkistandan millət vəkili Akmal Saidov yazıçının tanınması və əsərlərinin oxunması üçün forumların, konqreslərin və digər tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb.

Forumda Qırğızıstan Elmlər Akademiyası Çingiz Aytmatov Dil və Ədəbiyyat İnstitutu ilə Çingiz Aytmatov İnstitutu arasında memorandum imzalanıb.

Seçilən
66
turkic.world

1Mənbələr