Azərbaycan müasir tarixində bir çox kritik dönəmlər yaşayıb. Lakin elə bir gün var ki, ölkənin dövlətçiliyini qorumaq və gələcəyini təmin etmək baxımından strateji dönüş nöqtəsi kimi dəyərləndirilir. Bu gün – 15 iyun 1993-cü il, Azərbaycan siyasi tarixində Milli Qurtuluş Günü kimi qeyd olunur.
1990-cı illərin əvvəllərində müstəqilliyini bərpa etmiş Azərbaycan dərin siyasi və sosial böhranla üz-üzə idi. Qeyri-sabit hakimiyyət dəyişiklikləri, Qarabağ müharibəsinin ağır nəticələri, Gəncə hadisələri və mərkəzi hakimiyyətin zəifləməsi ölkəni parçalanma təhlükəsi ilə qarşılaşdırırdı. Belə bir həssas mərhələdə xalqın və siyasi dairələrin çağırışı ilə Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət olunması Azərbaycanın taleyində yeni bir səhifənin açılmasına səbəb oldu.
15 iyun 1993-cü il tarixində Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Bu hadisə ölkədə siyasi böhranın qarşısının alınması, konstitusiya çərçivəsində idarəetmənin bərpası və vətəndaş müharibəsi riskinin neytrallaşdırılması baxımından həlledici rol oynadı.
Heydər Əliyevin hakimiyyətə qayıdışı yalnız idarəçilik baxımından deyil, həm də dövlət institutlarının yenidən qurulması, iqtisadi və hüquqi islahatların başlanması və Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması prosesinin əsasını qoydu. Qısa müddət ərzində daxili sabitlik təmin olundu, neft strategiyası işlənib hazırlandı və ölkə regional geosiyasi xəritədə daha aydın mövqe qazandı.
Bu gün, 15 İyun tarixinə sadəcə siyasi hadisə kimi deyil, Azərbaycan cəmiyyətinin bir dövlət olaraq ayaqda qalmaq iradəsinin təcəssümü kimi baxmaq olar. Bu gün müasir Azərbaycan dövləti, onun əldə etdiyi siyasi sabitlik və sosial-iqtisadi nailiyyətlər 1993-cü ilin iyununda atılan mühüm qərarların nəticəsi kimi dəyərləndirilir.
Milli Qurtuluş Günü – yalnız keçmişə qayıdış deyil, həm də gələcəyə baxışdır. Dövlətin, xalqın və liderin bir araya gəldiyi nadir anlardan biri olaraq bu tarix, müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında simvolik önəm daşıyır.
Züriyə Qarayeva,
Politoloq